Nevroz şeytanın yaratdığı xəstəlikdir? Şeytan vəsvəsəsinin səbəb olduğu psixoloji xəstəliklər ...

"Vəsvəsə insanı Allahın yolundan azdırmaq, günahlara sövq etmək, ibadətlərdən soyutmaq və ya mane olmaq üçün şeytanın pıçıldadığı  fikirlərdir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Anar Səmədov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, şeytan daha çox möminlərə, Allaha inanan şəxslərə vəsvəsə edər: "Vəsvəsənin nə olduğunu tam anlamaq üçün şeytanı bir oğruya bənzədək. Bildiyimiz kimi oğrular boş evə girməzlər. Əksinə pul, mal-mülk olan mənzilləri  qarət edərlər. Şeytan da belədir. İman olan qəlblərə vəsvəsə edər. Şeytan iman oğrusudur, müxtəlif yollarla imanı oğurlamağa çalışar. İman olmayan boş qəlblərlə işi olmaz. Yolundan azan adamlara öz nəfsi bəs edər".

 

A.Səmədov qeyd edib ki, vəsvəsə imanın olduğuna dəlalət edir: "Vəsvəsə günah deyil və imanın göstəricisidir. Kiməsə şeytan vəsvəsə edirsə, deməli onda iman var. İman artdıqca, vəsvəsələr də çoxalır. Hətta dilə gətirilə bilməyəcək qədər ağır vəsvəsələr ola bilər. Vəsvəsənin ən ağırına imanı daha çox olanlar məruz qalır".

 

İlahiyyatçının sözlərinə görə, şeytan müxtəlif yollarla insana təsir edir: "İmanda şəkk yaratmaq, günaha sövq etmək, ibadətdə mane olmaq, nəfsin istəklərinə tabe etmək kimi vəsvəsələr var. Bunun üçün şeytan insanın ağlına zərərli fikirlər salar. Məsələn, Allahı kimin yaratdığını soruşar. Bu cür suallarla imanda şəkk yaratmağa çalışar. Ağlımıza belə fikirlər gələn zaman vəsvəsə olduğu anlamalı və bu cür düşüncələrdən uzaqlaşmalıyıq. Belə suallar ətrafında düşünmək, cavab axtarmağa çalışmaq lazım deyil. Vəsvəsə həm də insanın istəmədiyi halda ağlına gələn  fikirlərdir. Bu düşüncə sizi günaha aparırsa, imanınızda şəkk yaradırsa, dəf edin. Onu da qeyd edim ki, insan ağlına gələn vəsvəsələrə görə məsuliyyət daşımır, günah qazanmır. Peyğəmbərimiz buyurub ki, ağlınıza gələn fikirləri dilə gətirməyincə və əmələ çevirməyincə günah yazılmaz".

 

A.Səmədov əlavə edib ki, şeytanın əsas vəsvəsələrindən biri də namaz zamanı olur: "Namaz insanın gündəlik və əsas ibadətidir. Hesab günü soruşulacaq ilk əməldir.  Şeytan ibadət zamanı da insanı yoldan çıxarmağa çalışar. Bəzən rükətləri qılıb-qılmadığına şübhə yaradır. Şübhənin də dərəcəsi var. Əgər yüngül şübhədirsə, əhəmiyyət vermədən namaza davam etmək olar. Vəsvəsəyə fikir verdikcə, şeytanın təsiri daha da artır. Ümumiyyətlə, namazda fikri toplamaq, Allahı, axirəti, ölümü, Cənnət-Cəhənnəmi xatırlayaq, huşu içində  ibadət etmək lazımdır. Namazda fikrin yayınması da vəsvəsədir. İnsan huşu halında ikən şeytanın təsiri də azalır". 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR