Dünyanın ən xəsis insanı kimdir? Xəsisliyin günahı və cəzası...
"İslama görə xəsislik bir insanın sabahından naümid olması və kasıbçılıq qorxusundan irəli gələn haldır". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Əli Şərbətov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, xəsisliyin təməlində çox zaman var-dövləti itirmək qorxusu dayanır: "Müsəlman Allaha təvəkkül edərək yaşamalıdır. İnsan malik olduğu pula, sərvətə güvənərək Allahdan uzaqlaşır. Yaradana deyil, özünə və varına təvəkkül etmiş olur. Malının bitəcəyindən qorxan kəslər var. Onlar unudurlar ki, bu sərvəti verən Allahdır".
Ə.Şərbətov "Qurani-Kərim"də xəsisliklə bağlı ayələrin olduğunu qeyd edib: " "Bəqərə" surəsinin ilk ayələrində Allah müttəqilərin sifətlərini sadalayır. Buyrulur ki, müttəqilər onlara verdiyimiz ruzidən infaq edərlər. "Qazandıqları" deyil, "verdiyimiz ruzi" deyə bəhs olunur. Özünü Allaha təslim edən kəs kasıbçılıqdan qorxmaz. Öz zəruri ehtiyaclarını ödəyəndən sonra qalan pulu Allah yolunda da sərf edər. Bəzən möminlər özlərinin ehtiyacı olduğu halda sədəqə də verərlər. Bu artıq fədakarlıq sayılır və daha çox savabı olan əməldir".
İlahiyyatçı xəsisliyin mənfi xasiyyət olduğunu da bildirib: " İnsanın xasiyyətində mənfi və müsbət cəhətlər var. Xəsisliyə mənfi xüsusiyyət kimi də baxmaq olar. Hər kəs öz xasiyyətini, mənfi cəhətlərini tanımalıdır. Müsəlman özündə gördüyü pis əməllərdən çəkinməli, özü-özünü tərbiyə etməlidir".
Ə.Şərbətov əlavə edib ki, xəsisliyin də cəzası var.
Mövzuya münasibət bildirən digər ilahiyyatçı Nurlan Məmmədzadə də xəsisliyin dinimizdə bəyənilmədiyini deyib: " Xəsislik tək maddi deyil. Mənəvi cəhətdən də xəsis olan insanlar var. Sevgidə, nəvazişdə, qayğıda xəsislik edən kəsləri misal çəkmək olar. Peyğəmbərimiz buyurur ki, müsəlman qardaşının üzünə gülmək də sədəqədir. Gülər üz sədəqədirsə, bunu insanlardan əsirgəmək xəsislikdir. Hədisdə bildirilir ki, ən xəsis insan peyğəmbərin adı çəkiləndə ona salavat göndərməyən kəsdir. Göründüyü kimi xəsislik tək maddiyyatla deyil, insanın mənəviyyatı ilə də bağlıdır. İnsanlarla xoş rəftar etməyənlər də simicdirlər".
Tamaşaçı suallarını cavablandıran N.Məmmədzadə bildirib ki, bütün mülk və var yalnız Allaha məxsusdur: "İslam insanı kamil formalaşdırmağa çalışır. Peyğəmbərimizin həyat tərzi bizim üçün ən gözəl örnəkdir. Kamil insan duyğusu, düşüncəsi ilə necə olmalıdır? Bunu biz Allah rəsulunun nümunəsində görə bilirik. Biz Allahın verdiklərindən həm özümüz, həm də ehtiyacı olanlar üçün sərf etməliyik. Varlılar yoxsullara görə məsuldurlar. Zənginlərin malında və pulunda kasıbların da haqqı var".
İlahiyyatçı əlavə edib ki, qənaətlə xəsislik qarışıq salınmamalıdır: " Bunlar fərqli anlayışlardır. İslam qənaətin tərəfdarıdır. Peyğəmbərimiz buyurur ki, qənaət bitməz-tükənməz bir xəzinədir. Xəsisliklə israf arasında orta yolu müəyyən etmək lazımdır. Bu isə hər kəsin vicdani məsələdir. Hər kəs özü bilir ki, nə zəruri ehtiyacıdır, nə əlavə xərcdir".