Ətirdən və kosmetikadan istifadə də haram sayılırmı? Dırnaq boyası ilə namaz qılmaq olar?
"Təqva dinin əmr və tövsiyələrinə uymaq, haramlardan, günahlardan çəkinmək deməkdir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Saleh Kazımov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, bir çox hallarda təqva Allahdan qorxmaq kimi də işlədilir: " Bəzən insanlar soruşurlar ki, Allah bu qədər rəhimli və mərhəmətli ikən nə üçün ondan qorxmalıyıq? Başa düşmək lazımdır ki, söhbət Rəbbimizin nəzərindən və sevgisindən uzaq düşməkdən gedir. Yəni müsəlman Allahın sevgisini itirməkdən qorxmalıdır. Odur ki, təqvanı doğru başa düşmək üçün islamdakı qorxu anlayışını düzgün izah etmək lazımdır. Təqvalı insan Allahdan uzaqlaşmaqdan qorxar və bütün haramları Rəbbin rizası üçün tərk edər".
İlahiyyatçı qeyd edib ki, namaz qılmayan müsəlman təqvalı sayıla bilməz: "Təqvalı insan Allaha təslim olan və Onun buyurduqlarına əməl edən kəsdir. Bəzən soruşurlar ki, təqvalı müsəlman günah edə bilərmi? Dini mənbələrdə də buyrulur ki, insan xəta edə bilər. Amma günahın da böyüyü və kiçiyi var. Təqvalı kəs böyük günahlardan qaçar. Xəta etdiyi zaman da peşman olub tövbə edər. Odur ki, günah edən, amma tövbəni gecikdirməyən, haramlardan çəkinən, ibadət edən müsəlman təqvalı sayıla bilər".
S.Kazımov "Qurani-Kərim"dəki təqva ilə bağlı ayələri də izah edib: "Maidə surəsinin 8-ci ayəsində buyrulur ki, Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Göründüyü kimi ayədə təqvanın xüsusiyyətləri sadalanır: Allah yolunda sabitqədəm olmaq və ədalətlə şahidlik etmək. Hər iki şərt də çox önəmlidir. Sabitqədəm bütün şərtlərdə və hallarda Allahın haqq yolundan çıxmayan deməkdir. Bəzən iman gətirən birisi kənar təsirlərin nəticəsində islamdan uzaqlaşır. Bu kimi hallar imanın azlığının və çevrənin təsiri nəticəsində baş verir. İman ibadətlə bəslənməlidir. İmanın güclənməsi üçün gərək mütəmadi ibadətlərə davam edəsən, daha çox oxuyasan və çevrənə diqqət yetirəsən".
İlahiyyatçı islam peyğəmbərindən rəvayət olunan hədislərdən də bəhs edib: " Rəsulallah buyururdu ki, yoldaş seçərkən hər zaman diqqətli olun. Çünki onun həyat tərzi sizə də təsir edə bilər. Bu gün islama qarşı təbliğat aparan insanlar da var. Hətta məni dəfələrlə dindən çıxmağa dəvət ediblər. Belə hallarda da gərək diqqətli olasan. Qarşındakına kobudluq etmədən, ona qarşı təhqirə yol vermədən öz mövqeyini müdafiə edəsən. Onu da qeyd edim ki, əsl təqvalı insanı yoldan çıxarmaq mümkün deyil".
Saleh Kazımovun sözlərinə görə, təqvalı cəmiyyət üçün ən xeyirli və zərərsiz insandır: " O bütün müsbət xüsusiyyətləri özündə cəm edən mömindir. Təqvalı yaradılanı Yaradana görə sevən müsəlmandır".