İslam uşağı döyməyə icazə verir? Uşağı neçə yaşında bağçaya vermək olar?
"Hər bir ana həm də öz övladının psixoloqu olmalıdır". APA TV-nin məlumatına görə, bu barədə Peşəkar Psixologiya Mərkəzinin uşaq psixoloqu Tahibə Quliyeva "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, valideyn uşaqla düzgün rəftar etməyi bacarmalı, övladını yaxından tanımalıdır: " Uşaqla ən sıx təmasda olan insan anadır. Odur ki, ixtisasından asılı olmayaraq ana uşaq psixologiyasını bilməli, övladını diqqətlə müşahidə etməlidir. Psixologiyanı bilən ana üçün uşaqla ünsiyyət qurmaq daha asan olur. Ana uşağın hansı inkişaf mərhələsini keçdiyini bilməli və onun davranışlarını izləməlidir. Azyaşlının nitqinin formalaşması da diqqət yetirilməsi vacib olan məsələlərdən biridir. Bəzən uşaqda nitq pozğunluğu olur və valideyn bunu çox gec aşkar edir. Daha erkən müdaxilə yaranmış problemin həllini asanlaşdırır. Gecikmə olanda qüsuru aradan qaldırmaq psixoloqlar üçün də çətin olur. Odur ki, analar övladına yetərincə diqqət ayırmalı, onun hər davranışını müşahidə etməlidir".
Psixoloqun sözlərinə görə, uşaqla zarafat edərkən onun yaşının azlığı nəzərə alınmalıdır: "Bəzən valideynlər balacalarla kobud zarafatlar edirlər. Əgər zarafat zamanı uşaq qorxur, həyəcan keçirirsə, belə hallara yol vermək olmaz. Böyüklərin yanlış addımı uşaqların psixologiyasında iz buraxır. Bu gün mütəxəssislər fikir birliyi ilə təsdiqləyirlər ki, uşağın tərbiyəsi ana bətnindən başlayır. Hamilə qadın qidalanmasına, həyat tərzinə diqqət yetirməlidir. Ananın əsəbiləşməsi, stress keçirməsi bətnindəki balasına mənfi təsir. Hətta doğulandan sonra övladının xarakterində də özünü biruzə verir".
Mövzu ilə bağlı "Qasımbəy" məscidinin axund müavini Hacı Samir Ağayev da fikirlərini bölüşdü. O qeyd etdi ki, islamda valideynin hüquqları önəmli olduğu kimi uşaq haqları da əhəmiyyət kəsb edir: " Dinimiz ata-anaya övladına gözəl ad qoymağı, yaxşılıqları və Əhli-beyti sevdirməyi, "Qurani-Kərim"i öyrətməyi buyurur. Təəssüf ki, bəzən valideynlər uşaqlara səhv tərbiyə verirlər. Məsələn, siqaret, spirtli içki kimi zərərli vərdişlərlə balaca vaxtından tanış edirlər. Zarafatla uşağın əlinə siqaret verir, içki içirdirlər. Yeni dil açan oğullarına söyüş öyrədən atalar da var. İslam ancaq gözəl tərbiyəni və nümunəni dəstəkləyir. Bu cür davranışlar dinimizin qəbul etmədiyi hallardır".
İlahiyyatçı əlavə etdi ki, uşağı kiçik yaşlarından ibadətə təşviq etmək lazımdır: " Amma bu məcburiyyət olmamalıdır. Məcburiyyət əksinə namaza nifrət yarada bilər. Çünki ata-ana basqısı ilə ibadət edən biri bu təsir olmadığı zaman namazı tərk edəcək. Odur ki, ibadətləri sevdirmək önəmlidir".