Yay orucuna hazırlıq: İstiyə və susuzluğa necə tab gətirmək olar?
"Hər bir böyük ibadətin mənəvi hazırlığı var və mübarək Ramazan ayı da bu silsilədəndir ". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Rauf Hüseyn "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, Ramazandan öncəki Rəcəb və Şaban ayları da mübarək aylar sayılır: " Rəcəb və Şaban ayları oruc ibadətinə hazırlıq müddətidir. Müsəlman bu ibadət üçün mənəvi və fiziki baxımdan hazırlıq etapı keçir. Bildiyimiz kimi Allah Ramazan ayında müsəlmanlara oruc ibadətini vacib buyurub. Öncəki 2 ay müddətində isə bu ibadət vacib olmasa da təkid edilir, müstəhəb sayılır. Odur ki, müsəlmanlar Rəcəb və Şabanda da oruc tuta, Ramazana hazırlaşa bilərlər".
İlahiyyatçı qeyd edib ki, Ramazana mənəvi cəhətdən hazırlıq müsəlman üçün çox önəmlidir: " Hər kəs öz üzərində çalışmalıdır. Müsəlman günahlardan çəkinməli, pis əməllərdən uzaqlaşmalıdır. Əgər kiminsə əməlində bir xətası varsa, çalışıb o günahı tərk etməlidir. Həmçinin daha çox tövbə etməli və xeyir işlər görməlidir".
R.Hüseyn bu il ilk dəfə oruc tutacaq müsəlmanlara bəzi məsləhətlər verib: " "Qurani-Kərim"də buyrulur ki, Allah heç kimi daşıya bilməyəcəyi yüklə yükləməz. Yəni yetkinlik yaşına çatan bütün sağlam insanlar bu ibadəti həyata keçirə bilərlər. Bəzən yay orucunun çətinliklərindən danışırlar. Doğrudur, yayda günün istisi və susuz qalmaq kənardan çətin görünə bilər. Nəzərə alaq ki, son illər Ramazan yay aylarına təsadüf edir və hər il müsəlmanlar bu ibadəti yerinə yetirirlər. Əslində ilin yalnız 1 ayı oruc tutmaq müşkül deyil. Allah bizi bizdən daha yaxşı tanıyır və bu ibadəti bacaracağımızı da bilir. İlk dəfə oruc tutacaq müsəlmanlar üçün başlanğıc günlər bir az çətin ola bilər. Amma səbirli olsunlar, ibadətə əməl etmək zamanla asanlaşacaq. Yayda Allah insanlara xüsusi güc verir. Xatırlayırsınızsa, ötən Ramazan ayı sərin keçdi. İnşallah bu ay da Allahın müsəlmanlara belə bir lütf edəcəyinə inanırıq".
İlahiyyatçı ibadətə dəvət haqqında da danışıb: " Kim Allahın əmrinə dəvət edirsə, bunun da savabını qazanacaq. Onu da unutmayaq ki, heç bir əsaslı səbəb olmadan oruc ibadətini yerinə yetirməyən müsəlman 1 günün əvəzinə 60 gün oruc tutmalı, yaxud da 60 yoxsulu yedizdirməlidirlər. Odur ki, əsassız səbəblər və bəhanələrlə orucdan yayınmaq olmaz. Bu ibadət mənəvi cəhətdən olduğu kimi fiziki baxımdan da insan üçün faydalıdır. Bunu tibb sahəsi də təsdiq edir".