Kimlər oruc tutmaya bilər? Hansı xəstəliyə görə, oruc tutmamaq günah sayılmaz?
"Ramazan 11 ayın sultanıdır, tacıdır. Adı "Qurani-Kərim"də çəkilən bu ay həqiqətən də çox mübarək aydır". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, Ramazanın bir çox üstün və önəmli cəhətləri var: " "Qurani-Kərim" bu ayda nazil olub. Bu çox əlamətdar bir hadisədir. Ramazanın ən özəl tərəfi də budur: ilk vəhyin enməsi və Hz. Muhəmmədə peyğəmbərliyin verilməsi. İslam bəşəriyyətə böyük tövhələr verən son və kamil dindir. Oruc islamda vacib buyrulan ibadətlərdən biridir. Lakin oruc islamaqədərki dövrdə də bilinən bir ibadət idi. Yəni islamdan öncəki səmavi dinlərdə də oruc vacib buyrulub. "Qurani-Kərim"in "Bəqərə" surəsinin 183-cü ayəsində belə bildirilir: " Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!" Buradan da göründüyü kimi oruc islamdan öncəki dinlərdə vacib buyrulub".
İlahiyyatçının sözlərinə görə, bu gün də bəzi dinlərdə oruc ibadəti yerinə yetirilir: " Lakin onların tutduğu oruc islamdakı orucdan fərqlənir. Əvvəlki dinlərdə bu ibadət təhrif olunub və mahiyyətini itirib. Oruc islamda daha da kamilləşmiş bir ibadətdir. Bu ibadət hicrətin ikinci ilində vacib buyrulub. Onu qeyd etməliyik ki, oruc ilk olaraq ibadətdir, pəhriz deyil. Allahım əmri olduğu və Onun razılığını qazanmaq üçün yerinə yetirməli olduğumu ibadətdir. Yəni əsas məqsəd Allah rizasını qazanmaqdır. Bundan sonra orucun sosial, fiziki və digər faydaları gəlir".
E.Mahmudov orucun mahiyyətindən danışarkən bildirib ki, əsas hədəf Allaha bəndə olmaq, Ona qulluq etmək və yaxınlaşmaq, Rəbbin əmrlərini yerinə yetirməkdir: " İbadət mənəvi kamilliyə aparan yoldur. Niyyət çox önəmlidir. Sırf sağlamlıq, pəhriz üçün oruc tutmaq olmaz. Oruc ibadət niyyəti ilə tutulmalıdır. Allah razılığından başqa niyyətlə, məsələn, arıqlamaq, sağlamlıq məqsədi ilə tutulan oruc ibadət sayılmır".
İlahiyyatçı orucun fərz olduğu müsəlmanlar haqqında da məlumat verib: " Bu ibadət müsəlman üçün vacibdir. Yəni bu ibadəti yerinə yetirməsi üçün birinin islamı qəbul etməsi şərtdir. Müsəlman, sağlam və həddi-buluğ yaşına çatan insanlar oruc tutmalıdır".