İçki içən oruc tuta bilər? Kosmetika orucu pozurmu?
“Peyğəmbərimiz hər halı ilə, istər ibadət, istərsə də gündəlik davranışları ilə müsəlmanlar üçün ən gözəl örnəkdir”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Nurlan Məmmədzadə “Yaşıl orta” verilişinin Ramazana həsr olunan buraxılışında deyib. O bildirib ki, Həzrəti Məhəmməd peyğəmbərin Ramazan günləri ilə bağlı bir sıra hədislər var: “ Peyğəmbərimizin xanımları danışardı ki, Allah rəsulu ibadətə başlayan zaman Allah ilə bərabər olmanın şüurunda olduğuna görə, hətta bəzən bizi tanımırdı. Peyğəmbərimiz ibadətə bu qədər düşkün idi. Hz. Məhəmməd buyurardı ki, sizin içərinizdə Allahdan ən çox qorxan və təqvalı olan mənəm. Allah rəsulu Ramazanın gəlişini çox sevinc və səbirsizliklə gözləyərdi. Ramazandan öncəki 2 ay-Rəcəb və Şaban ayları da bildiyiniz kimi mübarək aylardandır. Ramazan isə daha üstündür. Peyğəmbərimiz Rəcəbin 1-dən başlayaraq, Allaha dualarında belə yalvarardı: “Allahım, Rəcəbi və Şabanı bizə bərəkətli qıl və bizi Ramazana çatdır, qovuşdur” ”.
İlahiyyatı qeyd etdi ki, peyğəmbərimizdə Ramazana çatmanın sevinci, həyəcanı olardı: “Hz. Aişə anamız bildirirdi ki, Ramazan ayında peyğəmbər ibadətlərini artırardı. Başqa bir rəvayətdə isə yazılıb ki, Ramazanda Cəbrayıl mələk enər, Allah rəsulu ilə qarşılıqlı “Qurani-Kərim” oxuyardılar. Hədislərə görə, Ramazan günlərində Hz.Məhəmməd yağış dolu buludları gətirən küləklərdən daha səxavətli və cormərd olardı. Onsuz da peyğəmbər hər zaman insanlardan daha səxavətli idi. Amma bu günlərdə qat-qat artıq comərd olardı”.
N.Məmmədzadə bildirdi ki, Ramazanda Allah rəsulu ibadət iqliminə bürünərdi: “Ayın son 10 gününü isə xüsusilə ibadətlə keçirməyə üstünlük verərdi. Peyğəmbərimiz buyurur ki, oruc tutan insanın yuxusu ibadət, susması isə zikrdir. Bu ayda görülən xeyir əməllərin savabı qat-qat artıq olar. Müsəlmanların ən gözəl örnəyi peyğəmbərimizdir. Odur ki, bu ayda daha çox ibadət etməli və xeyir əməllər görməliyik”.