Oruc tutmayan müsəlmanları hansı cəza gözləyir? Yay orucunun üstünlükləri....
"Oruc tutan insan haqq qatında çox fərqlidir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Ağa Hacıbəyli "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, oruc tutan insanın halı da fərqli olur: "Çünki insan oruc tutduğu zaman dünyası bahara çevrilir, sözü də, davranışı da fərqli olur. O hər cür pis əməllərdən Rəbbin rizası üçün çəkinir, bir ay boyunca ancaq gözəl əməllərə üstünlük verir".
İlahiyyatçı qeyd edib ki, Oruc tutmanın 2 ana xətti var: "Biri var Ramazan ayında haramlardan uzaq olasan. Elə əmrlər də var ki, insan ömrü boyu ona oruc olmalıdır. Məsələn, heç zaman içki içməməli, insan qətlə yetirməməli, yalan danışmamalı, qeybət etməməlidir və s. Peyğəmbərlər bu dəyərləri insanlara öyrədir, təlqin edirdilər. Bilməliyik ki, haramlardan çəkinməyin də mükafatı, savabı var. Müsəlman sırf Allah rizası üçün, Rəbbin razılığını qazanmaq niyyəti ilə haramlardan çəkinməli, ibadət etməlidir. Kiməsə göstəriş üçün, insanlara görə ibadət etmək düzgün deyil. İbadətdə önəmli olan insanın təqvaya, mənəvi gücə və ruhi yüksəlişə çatmasıdır".
A.Hacıbəyli əlavə edib ki, insan Ramazanda 1 ay ərzində daim tərəqqi edir: " Pis əməllərdən çəkinərək tərəqqi edirik. Qəlb də qeybət etməməlidir. Birisinin nöqsanını dillə söyləyiriksə, bu qeybətdir. Amma dillə ifadə etmədən, qəlbimizdən kimsə haqqında sui-zənn keçiririksə, bu qəlbin qeybətidir. İnsan qəlbindən idarə olunur. Qəlbi bu cür məşğul etmək onu ilahi sevgidən uzaqlaşdırmaqdır. Qəlbimiz ilahi sevgi və gözəlliklərlə dolmalıdır. Çünki qəlb əmələ də təsir edir. Qiyamət günü Allah insanı batininə görə hesaba çəkəcək. Qəlblərdə olanı insan bilməz, amma Allah bilər".
İlahiyyatçı bildirib ki, oruc tutan insan aqressiv olmamalıdır: "Bəzən belə hallara rast gəlirik. Əslində tutulan oruc insana bir sərinlik gətirir. İnsan oruc tutmur, oruc insanı tutmalıdır. Orucun hikməti insana səbir verməkdir. Peyğəmbərimiz buyurur ki, sizi qəzəbləndirəcək halla qarşı-qarşıya qaldığınız zaman deyin ki, oruc tutmuşam, orucluyam".