Valideynin qarğışı övladına keçərmi? Allah kimlərin qarğışını geri çevirməz? Bu insanların bəd duasını təhlükəlidir...
“Niyyət deyəndə hər hansı bir əməlin arxasındakı məqsəd, motivasiyası nəzərdə tutulur”. APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Anar Səmədov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, insan əməli kimin üçün və niyə etdiyini bilməlidir: “Peyğəmbərimiz Hz. Məhəmməd buyurur ki, əməllər niyyətə görə dəyərləndirirlir. Bu baxımdan insan əməlinin nəticəsini niyyətinə görə əldə edəcək. İslamda niyyət deyiləndə ixlaslı niyyət nəzərdə tutulur. İxlaslı əməl yalnız Allah üçün edilən əməldir. Yəni bir əməl sırf Allah rizası üçün edilirsə, bu əməl saleh əmələ çevrilir. Başqa bir hədisdə bildirilir ki, möminin niyyəti əməlindən daha xeyirlidir”.
İlahiyyatçı qeyd edib ki, niyyət ayrılıqda bir ibadətdir: “ Hətta əməli olmasa belə, insan yalnız niyyətə görə də savab qazanır. Allah rəsulu buyurur ki, əgər insan ürəyindən bir yaxşı niyyət keçirirsə, amma bu niyyəti həyata keçirə bilmirsə, niyyətinə görə bir savab qazanır. Əgər niyyət etdiyini əmələ çevirərsə, savabı 10 mislindən 700 mislinədək arta bilər”.
A.Səmədov niyyətin adi əməlləri ibadətə çevirdiyini söyləyib: “Məsələn, insan yeməyi yeyirsə ki, ona güc-qüvvə gəlsin və bu güclə Allaha ibadət etsin, niyyəti bu əməli ibadətə çevirər. Bir insan Allah rizası üçün ailəsini dolandırmağa çalışırsa, çalışması ibadətdir. Çünki insan öhdəsində olan ailənin qayğısını çəkməlidir. Belə etmirsə, bu günah olaraq ona kifayətdir. Yəni artıq böyük günahı işləmiş olur”.
İlahiyyatçın dediyinə görə, Allah rizasından başqa niyyətlə edilən ibadət qəbul olmur: “Bütün ibadətlər yalnız və yalnız Allah rizası üçün olmalıdır. Yox əgər, Allahın razılığı üçün deyil, bu dünya üçün ibadət edirsinizsə, o əməl bu dünyada qalar, axirətə heç bir xeyir verməz. Bəzi kəslər ona “dindar, “mömin” desinlər deyə ibadət edər. Bu cür göstəriş üçün ibadət etmək riyakarlıq sayılar. Riyakarlıq isə kiçik şirklərdəndir. Çünki əməli Allah üçün deyil, kənardan baxan insanların səni tərifləməsi üçün edirsən. Mömində də belə bir hal ola bilər. Bu zaman tövbə etməlidir. Əks halda vəziyyət təkrarlanarsa, münafiqliklə nəticələnər”.