Ölənin ruhu başqa insanın bədənində qayıda bilərmi? Ruhlar evə gəlir? Məzardakı ölü ətrafdakı səsləri eşidirmi?

“ Allah “Qurani-Kərim”də belə buyurur ki, hər kəs ölümü dadacaqdır”. APA TV-nin məlumatına görə, ölümdən sonrakı həyat barədə ilahiyyatçı Aslan Həbibov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, bu dünyaya gələn hər bir canlı bir gün öləcəkdir: “Allah Ölüm mələyini göndərərərk, insanın ruhunu alır və ruh gəldiyi yerə geri qayıdır. İslam inancına görə, ruh insandan öncə yaradılıb və ana bətnində bədən formalaşan zaman ruh ona üfürülür. “Qurani-Kərim”də bildirilir ki,  biz ona ruhumuzdan üfürdük. Beləcə, insan dünyaya gəlir, yaşayır və ölən zaman ruhu alınır, geri qaytarırlır. Biz buna ruhlar aləmi deyirik. Qiyamət günü ruhlar təkrar qaytarılacaq və insan sorğu-sual ediləcəkdir”.

 

A.Həbibov qeyd edib ki, ruhla bağlı bəzi yanlış təsəvvürlər də var: “Dinlər tarixində reinkarnasiya anlayışı var. Bu inanca görə ruh başqa bir bədəndə təkrar qayıda bilər. İslam bu təsəvvürü qəbul etmir. Çünki dinimizə görə, hər bir insan öləndən sonra ruh yenidən qaytarılacaq və təkrar diriləcək. Belədirsə, diriləcəyi zaman ruh hansı bədənə dönəcək? Dinimizə görə, hər ruh bir bədən üçündür”. 

 

İlahiyyatçı bəzi insanların Ölüm mələyinə bəd dua etməsinə də münasibət bildirib: “ Bəzən Əzrayıl əleyhissəlama bəd dua edir, haqqında kobud sölər işlədirlər. Bu doğru deyil. Ölüm mələyinin vəzifəsi can almaqdır, amma o özü buna qərar verməz. Allah hökm edir, mələk yerinə yetirir. Əzrayıl əleyhissəlamın canı alma  səlahiyyəti yoxdur. O sadəcə Yaradanın əmrini icra edir. Odur ki, Ölüm mələyinə kobudluq edən Allaha qarşı çıxmış olur. Unutmaq olmaz ki, mələklər Allahın əmrində olan elçilərdir”.

 

A.Həbibov qəbir aləmi haqqında da məlumat verdi. O qeyd etdi ki, cəsəd dəfn olunan günün gecəsi ruh bədənə geri qaytarılır: “ Ruh geri dönür və insan qəbirdə sorğu-sual edilir. Ruhla birgə şüur da qayıdır. Çünki insanın şüuru üstündə olmalıdır ki, sualları cavablandıra bilsin. Dini qaynaqlara görə, qəbirdə “Rəbbin kimdir?  Peyğəmbərin kimdir? Kitabın, dinin hansıdır?” kimi iman əsaslı suallar verilir. Dünyada sağ ikən bu sualları bilən və qəbul edən şəxslər məzarda sorğunu cavablandıra biləcəklər”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR