İnsan taleyini dəyişə bilərmi? Bəxt, qismət, qədərlə bağlı doğru bildiyimiz yanlışlar...
“İlahi təqdir, bəxt, qismət, taleh kimi mövzular hər zaman aktualdır və hər kəsi düşündürür”. APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Elvüsal Məmmədov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, hər kəs bu mövzuda özünü qane edən cavablar axtarır: “İlahi qədər, təqdir dedikdə, Allahın bir şeyi qabaqcadan bütün detalları ilə bilməsi və təqdir etməsi başa düşülür. Qədər, yaxud da ilahi təqdir Allahın hər şeyi bilən, elmi ilə əhatə edən atributu, sifəti ilə əlaqəlidir. Bu da Yaradanın kainatda baş verən hər şeyə bələd olması ilə şərtləşir”.
İlahiyyatçı qeyd edib ki, qədər həm də ilahi bir qanun, sistemdir: “ Elə bir sistem ki, kainatda baş verən hər şeyi tənzimləyir. Bu barədə “Qurani-Kərim”də ayələr var. Buna misal olaraq, “Furqan” surəsinin 2-ci, “Talaq” surəsinin 3-cü ayələrini qeyd etmək olar. Qədər o deməkdir ki, bu dünya öz-özünə mövcud deyil. Hər şey Allahın nəzarətindədir və hər şey Onun təqdiri ilə baş verir. Kainat bu qədər mükəmməl və sistemlidirsə, deməli bu mükəmməlliyin, sistemin bir hikməti var”.
E.Məmmədov xalq arasında geniş yayılan qismət, bəxt, alin yazısı kimi anlayışlara da münaisbət bildirdi: “ Bu cür anlayışlar əksər zaman fatalizmə aiddir. Yəni kənar təsirlərin diktəsi ilə hərəkət etmək zehniyyəti ilə əlaqəlidir. Bəzən insanlar elə başa düşürlər ki, hər kəsin taleyini Allah əvvəldən yazır və biz yazılan taleyi yaşayırıq. Bu yanaşmada qüsurlar var ki, o da qədəri düzgün başa düşməməkdən irəli gəlir. Qədər insanın azadlığı, iradəsi ilə bağlı məsələdir. Heç şübhə yoxdur ki, insan azad yaradlmışdır. İslam fiqhundə insanın azad, yəni ixtiyar sahibi olması ilə bağlı 2 yanaşma var. İnsan azadlığının ən böyük sübutu, arqumenti “Qurani-Kərim”də və peyğəmbərin sünnəsində əmr və qadağaların olmasıdır. Əgər insanın azadlığı, seçim səlahiyyəti olmasaydı, qadağaların, əmrlərin varlığı məntiqə uyğun olardımı? Yaxud da əgər insan proqramlaşdırımış robort kimi idisə, o zaman nə üçün onlara haqqa dəvət edən peyğəmbərlər göndərilib? Əgər insan iradəsinin xaricində, əvvəldən yazılan yazıya görə yaşasaydı, o zaman sonda hər kəsi gözləyən imtahanın mənası qalmazdı. Belə olan halda Cənnət-Cəhənnəmin, mükafat və cəzanın olması məna ifadə edərdimi? Qədər insan azadlığı ilə bağlıdır və Allah hər şeyi qabaqcadan biləndir. Çünki bizi O yaradıb. Allah bilir ki, kim hansı ömrü yaşayacaq, hansı tərbiyəni alacaq, hansı yolu gedəcək və nəyi seçəcək. Yaşadığımız həyat öz əməlimizin nəticəsidir. Biz bir əməli Allah belə yazdı deyə etmirik, əksinə nə edəcəyimimizi Allah əvvəldən görür və təqdir edir”.