Falçı, öncəgörücü gələcəkdən doğru xəbər verə bilərmi? İslamın Nostradamus kimi öncəgörücülərə münasibəti, mömin öncəgörücülər...
“Gözlə görülməyən, duyğu orqanları ilə hiss edilməyən, gizli olan hər şey qeyb aləminə daxildir”. APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Rövşən Məmmədov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, qeybi ancaq Allah bilir: “Qeybin mütləq və izafi olmaqla 2 növü var. Mütləq qeyb ancaq Allaha məlumdur, bu məlumatı ancaq Allah bilir. Lakin Yaradan mütləq qeyblə bağlı bəzi məlumatları peyğəmbərlərə və Allaha yaxın olan insanlara agah edib. Mütləq qeyb nədir? Allahın varlığı, zatı, sifətləri, mələklər, axirət, Cənnət, Cəhənnəm və s. bunlar mütləq qeybə daxildir və ancaq Allah bilir. Yaradanın bildirdiyi qədər də peyğəmbərlər bilir. İslam mənbələrinə görə, mütləq qeybi hətta mələklər də bilmir”.
İlahiyyatçı onu da qeyd etdi ki, qeybə inanmaq imanın şərtlərindəndir: “Əslində iman etdiyimiz hər şey qeybdir. Əgər bir insan qeybə inanmazsa, bu onu islamdan çıxarar. Möminlik gözlə görmədiyinə iman etməkdir. “Qurani-Kərim”də buyrulur ki, qeybə imanmaq möminlərin xüsusiyyətlərindəndir. “Bəqərə” surəsinin 285-ci ayəsində belə bildirilir: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” ”.
İlahiyyatı bildirdi ki, kimin harada və vaxt öləcəyini yalnız Allah bilir: “Həkim təcrübəni və xəstənin vəziyyətini nəzərə alaraq, nə qədər ömrü qaldığını təxmin edə bilər. Yəni dəqiq məlumat verə bilməz, sadəcə ehtimal irəli sürər. Təcrübədə həkimin yanıldığı, təxminin düz çıxmadığı hadisələr də var verir. Məsələn, həkim təxmin edib ki, xəstə yaxın günlərdə öləcək, amma adam 4 il yaşayıb. Çox ağır xəstəlikdən sağalan insanlar da var. Həmçinin kimin harada öləcəyini də ancaq Allah bilir. İnsan öləcəyi yerə can atar, orada vəfat edər. Ruzi ilə bağlı məlumat da qeybə aiddir. Heç kim sabah nə qədər qazanacağını bilməz. Eləcə də insanın taleyi haqqında heç kim dəqiq məlumat verə bilməz, bu mümkün deyil”.