Dəfələrlə Həccə getmək günah sayılırmı? Borcla Həccə getmək olarmı? Həcc ibadətini batil edən günahlar...

"Həcc islamın vacib buyurduğu ibadətlərdən biridir və çox qədim tarixi var". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Bəhruz Camal "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, Həcc ibadət olaraq, islamdan çox öncə də var idi: "Bəzi qaynaqlarda Hz.Adəmin Həcc ibadətini yerinə yetirdiyi bildirilir. Hədislərə görə, Hz.Adəmdən 3 min il öncə isə Cəbrayıl (mələk)  Kəbəni təvaf edib. Bu məzmunda başqa hədislər də var. Hz.Əlidən soruşurlar ki, göy əhlindən Həcc ziyarətini edən şəxsin adı nədir? İmam cavabında Cəbrayılın adını çəkir. Həcc bir ibadət forması kimi demək olar ki, Adəmdən sonrakı bütün peyğəmbərlərin dövründə mövcud olub".

 

İlahiyyatçı günümüzdə icra edilən Həcc ayinlərinin isə Hz.İbrahim dönəmindən başladığını bildirdi: "Bu gün həyata keçirilən Həccin bir sıra ayinləri var. Bura təvaf, səy, qurbanlıq, şeytana daş atmaq kimi mərasimlər daxildir. Bu günkü Həcc çoxsayda ayinləri özündə ehtiva edir və tarixi Hz.İbrahimin zamanına dayanır. Bildiyimiz kimi İbrahim peyğəmbər Kəbəni bərpa edir və insanları Həccə çağırır. O vaxtdan başlayaraq, insanlar Həcc ziyarətini yerinə yetirir, Kəbəni təvaf edirdilər".

 

B.Camalın bildirdiyinə görə, insanlar zamanla Həcc ibadətini təhrif etməyə başlayıblar: "İbrahim peyğəmbərin dönəmindən uzun illər, əsrlər keçdikcə,  insanlar digər ibadətlər kimi Həccin ayinlərini də dəyişdirdilər. İbadətə müxtəlif əlavələr olundu. İslamdan öncə Cahiliyyə dövründə müşrik ərəblər də Kəbəni təvaf edirdilər, Kəbə müqəddəs yer kimi qəbul olunur və tanınırdı. Amma çox təhrif olunmuş şəkildə bu ibadəti həyata keçirirdilər. Məsələn, Məkkədə və ətrafında yaşayan müşrik ərəblər Həcc mövsümündə Ərəfat çölündə dayanmırdılar. Bu ayini yalnız şəhərə xaricdən gələn zəvvarlar üçün vacib hesab edirdilər. İslamın gəlişindən sonra Həcc ibadətinin ayinlərində dəyişiklik oldu. Bununla bağlı ayələr endi. Ayələrdə bildirildi ki, Həccdə iştirak edən hər kəs Ərəfat çölündə dayanmalıdır".

 

İlahiyyatçı qeyd etdi ki, Cahiliyyə dövründə Allahın haram buyurduğu ayların da yerini dəyişirdilər: "Cahil ərəblər çox isti günlərdə, yaxud da ticarətdə zəifləmə olanda haram ayların yerini dəyişirdilər. Özlərinə sərf edən vaxta təyin edirdilər. Bununla bağlı da "Qurani-Kərim" ayəsi nazil oldu və bu ənənəni pislədi. Hicrətin 10-cu ilinədək ayların yerini dəyişirdilər. Daha sonra peyğəmbərimiz bunu qadağan etdi. Eləcə də Cahiliyyə dövründə ərəblər inanırdılar ki, ehram paltarını ancaq Qureyş təmin edə bilər. Kənardan alınan başqa paltarla Kəbəni təvaf etməyi haram bilirdilər. Odur ki, Məkkədən paltar tapa bilməyən zəvvarlar kişi-qadın fərqi olmadan Kəbəni çılpaq təvaf edirdilər. İslamın gəlişi ilə bu cür ayinlərin hamısı dəyişdirildi, dinimizin prinsiplərinə uyğunlaşdırıldı". 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR