Allah hansı bəndələri bəla ilə imtahan edir? Kimləri ən ağır imtahanlar gözləyir?

"İslamdakı imtahan anlayışını doğru anlamaq çox vacibdir. Dini mənbələrdə qeyd olunan imtahanla müəllimin öz şagirdini imtahan etməsi eyni deyil. Bu iki imtahanı səhv salmaq olmaz". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Rövşən Abdullaoğlu "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, ilahi imtahanla bildiyimiz imtahan anlayışı mahiyyət etibarı ilə tamam fərqlidir: " Bu iki imtahanı eyniləşdirmək yanlış nəticələrə səbəb olur. Belə olan zaman insanlar "Qurani-Kərim"də imtahanla bağlı bəhs olunan ayələri doğru anlaya bilmirlər. Bilmək lazımdır ki, ilahi imtahan eyni ilə təbiət aləminə, yaradılışa hakim olan qanunlar qəbilindəndir. Elə bir qanundur ki, onsuz yaşayış mümkün deyil".

 

R.Abdullaoğlunun sözlərinə görə, ilahi imtahanı Qravitasiya qanunu ilə müqayisə etmək olar: " Qravitasiya qanunu kimi ilahi imtahan da hər kəsi əhatə edir. Bu qanun hər kəsə şamil olunur və etiqadından, imanından, əməlindən asılı olmayaraq, heç kəs ondan kənarda qala bilməz. İnsanları çox zaman bu sual düşündürür: "Allah nə üçün bəndələrini imtahan edir?" Bu sualın da islam mənbələrində cavabı var".

 

İlahiyyatçı qeyd edib ki, Allah insanlarda olan istedadı üzə çıxarmaq üçün də imtahan edir: "İnsanlarda qeyri-aktiv olan bəzi potensiallar, istedadlar var. O istedadın üzə çıxması üçün imtahan zəruridir. İmtahanın digər səbəbi isə yaxşı ilə pis insanı, səbir edənlə səbir etməyəni seçmək üçündür. Allah "Qurani-Kərim"də buyurur ki, biz səbir edənlə etməyəni, mücahidlə mücahid olmayanı ayırmaq üçün sizi imtahan edirik. Başqa bir ayədə isə bildirilir ki, sizin hansınızın daha üstün əməl sahibi olduğunu bilmək üçün imtahan edirik".

 

R.Abdullaoğlu əlavə edib ki, çoxları imtahanı yalnız çətinlik kimi başa düşür: "Burada da yanlışlıq var. Düzdür, Allah bəndəsini çətinliklə, bəla ilə də sınaya bilər. Amma bu o demək deyil ki, bütün imtahanlar ancaq müsibətdir. İmtahan nemətlə də olur. Məsələn, Allah birinə nemət verib, onu bu nemətlə də sınaya bilər.  Allah sınayar ki, görüm bu nemətə görə bəndəm şükür edəcəkmi? Boş zaman, yaxud da vaxt məhdudiyyəti də imtahan ola bilər. İmtahan Allahın neməti verməsinə və neməti kəsməsinə də şamil olunur. Buyrulur ki, həyatı və ölümü sizi imtahan etmək üçün yaratdıq. Həyat və ölümdən kənarda insan həyatı təsəvvür olunmur. İnsan bu iki halətlə sınanılırsa, o deməkdir ki, həyatımızın hər anında imtahandayıq". 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR