Məhərrəmlikdə ad günü keçirmək, toy etmək olar?
"İmam Hüseyn Məhəmməd peyğəmbərin nəvəsidir və həyatının 6-7 ili Allah rəsulunun yanında keçib, ondan tərbiyə alıb". APA TV-nin məlumatına görə, bunu "İmam Rza" məscidinin axundu Mirhəmid Məmmədov Kərbəla hadisəsi ilə bağlı danışarkən deyib. "Yaşıl orta" verilişinin qonağı olan ilahiyyatçı bildirib ki, peyğəmbər İmam Hüseynə "oğlum" deyə müraciət edərdi: "Bildiyiniz kimi Allah rəsulunun oğul övladı tez rəhmətə gedib. Odur ki, peyğəmbərin nəsli qızı Hz.Fatimədən artıb və o dövrdə Hz. Məhəmmədin ailə deyiləndə, məhz İmam Hüseynin ailəsi hesab olunurdu. İmam Hüseynlə bağlı peyğəmbərdən rəvayət olunan bir çox hədislər var. Peyğəmbərimiz buyurub ki, Həsən və Hüseyn Cənnət gənclərinin sərvəri, ağasıdırlar".
M.Məmmədov Kərbəla hadisənin başvermə səbəbləri haqqında da məlumat verib: " İmam Hüseyn islam peyğəmbərinin davamçısıydı və dini qorumaq onun vəzifəsi idi. Elə bir dövr gəlmişdi ki, peyğəmbərin kürsüsündə layiq olmayan biri-Yəzid əyləşmişdi. O adi hallarda aşkar şəkildə günah edən insan idi. Yazılana görə, Allahın haram buyurduğu əməllərdən çəkinmirdi. Məsələn, Yəzidin qumar oynadığı, evində it saxladığı, şərab içdiyi bildirilir. İmam Hüseyn görür ki, əgər Yəzid bu xilafət başında qalsa, özünü peyğəmbərin davamçısı kimi tanıtsa, elədiyi əməllər islamın adına yazılacaq. Belə olan təqdirdə, imam Yəzidin xəlifəliyi ilə barışmır. Əlavə olaraq, Yəzid məcbur edir ki, İmam Hüseyn ona biət etsin. Yəni rəsmi şəkildə xəlifəliyini qəbul edib, təsdiqləsin. Peyğəmbərin nəvəsi biət etsəydi, Yəzidin hakimiyyəti güclənərdi, etdiyi cinayətlər, günahlar dinin adına yazılardı. O zaman insanlar üçün bu günahlar adiləşəcək, nəticədə isə din sıradan çıxacaqdı".
Axundun sözlərinə görə, İmam Hüseyn Yəzidə biət edə bilməzdi: "Yəzid onu biətə məcbur etsə də, peyğəmbər nəvəsi bundan boyun qaçırırdı. Bir tərəfdən də Yəzidin zülmündən təngə gələn Kufə camaatı İmam Hüseynə məktub yazır, minlərlə insan peyğəmbər nəvəsini Kufəyə dəvət edirdi. İnsanlar yazırdılar ki, biz də Yəzidi istəmirik, gəlib bizə haqq yolunu göstər, biz səni dəstəkləyirik və qoruyacağıq. İmam Hüseyn də görür ki, minlərlə insan onu çağırır, Allah qatında bunun məsuliyyəti var və getməlidir. Ailəsini, yaxın əqrəbasını toplayıb, təxminən 70 nəfərlə Kufəyə yola düşür. İmamın Kufəyə daxil olmasının qarşısı alınır. Şəhərə girməmiş yolunu dəyişməyə məcbur edirlər. İmam Hüseyn və yanındakı insanları Kərbəla adlanan səhrada saxlayırlar. Elə faciə də orada baş verir. İmam öncə oğlunu döyüşə göndərir. Bütün yaxınları öldürüldükdən sonra da özünə növbə çatır. İmam Hüseyn haqq yolunda döyüşərək şəhid olur".
M.Məmmədov Kərbəla hadisəsinə hər il yas saxlanılmasına da münasibət bildirdi. O qeyd etdi ki, İmam Hüseynin məsələsi şəxsi deyildi: " O zülmə qarşı mübarizə apardı. Onun bu amalı, bu əqidəsi ümumbəşəri bir dəyərdir. Elə bir dəyər ki, hətta qeyri-müsəlmanlar da faydalana bilərlər. Kərbəla faciəsi bir məktəbdir. Zülmə qarşı mübarizənin, canını, əzizlərini əqidəyə qurban vermək məktəbi. İmam əməli ilə bu ideologiyanı təsdiq etdi. Odur ki, peyğəmbərin nəvəsini sevən hər bir müsəlman onun şəhadətini hər il qeyd edir, yas saxlayır. Çünki məqsəd tək yas saxlamaq deyil, Kərbəla ideologiyasını-zülmə qarşı mübarizəni də yaşatmaqdır".