İslam milli kimliyi inkar edirmi? Niyə bizə "qılınc müsəlmanı" deyilir?

"İslam milli kimliyə qarşı deyil, dinimiz millət anlayışı qəbul edir". APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "İslamda milli kimlik" mövzusunda danışarkən deyib. "Yaşıl orta" verilişinin qonağı olan ilahiyyatçı bildirib ki, dinimizin milli kimliyə münasibəti ilə bağlı "Quran-Kərim"də ayələr var: " İslam milli kimliyi tanıyır. Bunun  arqumenti  "Qurani-Kərim"in "Hucurat" surəsinin 13-cü ayəsidir. Ayədə belə buyrulur: " Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq". Bu dinimizin milli mövzuya münasibətinin göstəricisidir".

 

G.İsmayılov əlavə etdi ki, islam milli kimliyi qəbul etsə də, milli üstünlüyə qarşıdır: "Yəni dinimizə görə, hansısa bir xalqın Allah qatında üstünlüyü yoxdur. Rəbbimiz bütün insanları bərabər yaratdığı kimi bütün xalqları da bərabər yaradıb. Yenə də arqument bir az öncə səsləndirdiyim ayənin davamıdır: " Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". İslama görə ali insan, ali xalq, ali irq söhbəti yoxdur. Dinimizin hədəfi millət anlayışı deyil, təqvadır, doğru-dürüst dinə dəvətdir".

 

İlahiyyatçının sözlərinə görə, insanlarımız çox vaxt dinlə mədəniyyəti qarışıq salırlar: " İslam bizim inancımız, mədəniyyət isə tariximiz, keçmişimiz, adət-ənənələrimizdir. Mədəniyyət etiqad etmirik, hörmək göstəririk. Etiqadla hörmət fərqli predmetlərdir. Məsələn, atəşpərəstlik əvvəl inancımız olub. Dünən inancımız olub, bu gün isə mənim mədəniyyətimdir.  Mədəniyyətim kimi hörmət etməliyəm. Yaxud da götürək Suraxanıdakı "Atəşgah məbədi"ni. Bu gün Atəşgaha gedirəmsə, o demək deyil ki, oda sitayiş edirəm. Yox, mədəniyyətimin bir parçası olduğu üçün hörmət edirəm. Heç kim məni mədəniyyətimə hörmət göstərdiyimə görə  qınamamalıdır. Yaxud da Novruz bayramını misal çəkə bilərik. Azərbaycanda heç kim bu bayrama inanc, etiqad kimi baxmır. Novruz mənim keçmişim, mədəniyyətimdir. Bizim milli və dini kimliyimiz bir vəhdətdir. Əslində mənim azərbaycanlı kimliyimin içində həm də dini kimliyim var".

 

G.İsmayılov bildirdi ki, islam tarixən yayıldığı coğrafiyada insanların milli ənənələrinə hörmətlə yanaşıb: "İslam bu ərazilərdə xəlifə Hz.Ömərin dövründə yayılıb. O zaman insanların islama qarşı ciddi etirazları olmayıb. Düzdür, xilafətə, dövlət hakimiyyətinə qarşı çıxanlar olub. Amma bu siyasi xarakter daşıyıb, islama yönəlməyib. Bunun da əsas səbəblərindən biri odur ki, islam yerli ənənələrə hər zaman hörmətlə yanaşıb".

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR