Kimin cəzası kafirdən daha ağır olacaq? Kompiliment demək də günah sayılırmı?
"İslamın ən önəmli mövzularından biri də münafiqlərlə bağlıdır. Əbəs yerə deyil ki, "Qurani-Kərim"də münafiqlərə aid ayələr çoxluq təşkil edir. Çünki münafiqliyin əsas məqsədi özünü müsəlman kimi göstərib, gizli şəkildə islama zərbə vurmaq, fitnə salmaqdır". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Abbas Qurbanlı "Yaşıl orta" verilişində deyib. O bildirib ki, münafiqlərlə kafirlər dini baxımdan fərqli insanlardır: " Bəzən bu terminləri qarışdırırlar. Kafirlər Allahı açıq şəkildə inkar edən insanlardır. Əvvəl müsəlman olub, sonra dindən çıxanlar da var. Onlara isə dini termin olaraq, mürtəd deyilir. Kafir və mürtəd Allahı inkar etdiyini gizlətmir, aşkar şəkildə bəyan edir. Münafiqlər isə özlərini müsəlman adlandırır, dindar kimi görünməyə çalışır, əslində isə islamda olmayan, qəlbən Allahı qəbul etməyən kəslərdir. Onları gerçək müsəlmanlardan ayırd etmək çətindir. Kimin münafiq olduğunu Allah bilir".
A.Qurbanlı peyğəmbərin dövründəki münafiqlərdən də bəhs etdi: " Allah rəsulunun zamanında da münafiqlər vardı. Onlarla bağlı çox ayələr nazil olub. Münafiq üzdə kəlmeyi-şəhadəti deyər, hətta ibadət edənlərlə birgə camaat namazı qılar, məscidə gedər. Amma tək qaldıqda ibadət etməz. Ramazan ayında ətrafındakı insanlara oruc tutduğunu söyləyər, özünü oruclu kimi göstərər, amma əslində oruc tutmaz. Zəkat verdiyini deyər, amma zəkat verməz. Yəni insanları aldadar, mömin kimi görünməyə çalışar. Məqsədi isə islama zərər vermək olar. "Qurani-Kərim"də münafiqlərlə bağlı ayələrin çoxu Mədinə dövründə nazil olub. Üzdə özünü müsəlman kimi təqdim edib, amma əslində islama zərər yetirməyə çalışan insanlar vardı. Müsəlmanlar onları tanıya bilmirdilər. Münfiqləri Allah ayələr endirməklə peyğəmbərə tanıdırdı".
İlahiyyatçı münafiqliyin əlamətləri haqqında da məlumat verdi: " Peyğəmbərimiz bildirib ki, münafiqin 3 əlaməti var: yalan danışar, əmanətə xəyanət edər, verdiyi sözü tutmaz. Bu əlamətlər dinə, Allaha yönələrsə, yəni islama aid mövzularda baş verərsə, münafiqlik sayılır. Məsələn, iki küsülü insanı barışdırmaq üçün yalan danışan münafiq deyil. Amma birinin etimadını qazanmaq, nəyəsə inandırmaq üçün Allahın adından yalan danışmaq, islamdan sui-istifadə etmək münafiqlikdir".
İlahiyyatçı münafiqliyin daha ağır günah olduğunu qeyd etdi: " "Qurani-Kərim"in "Nisa" surəsinin 145-ci ayəsində uca Allah belə buyurur: "(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir". Ayədən də göründüyü kimi bu günahkarların cəzası kafirlərdən də ağır olacaq. Amma dinimizdə tövbə anlayışı da var. Günah edən kəs səmimi peşmanlıqla tövbə edərsə, Allah da inşallah bağışlayar. Münafiq olan kəslər də peşmançılıqla Allahdan bağışlanma diləyə, tövbə edə bilərlər".