Peyğəmbər qızına neçə manata cehiz aldı? Hz.Fatimənin cehizinin siyahısı, İmam Əlinin kirayə evi...
"Əhli-beyt haqqında "Qurani-Kərim" ayələri və hədislər var. "Əhzab" surəsinin 33-cü ayəsində uca Allah belə buyurur: "Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!" Hədislərə əsasən bu ayədə bəhs olunan əhli-beytə İmam Əli, Hz. Fatimə və övladları Hz. Həsən və Hz. Hüseyn daxildir". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Yalçın Cavadzadə "Yaşıl orta" verilişində deyib. O bildirib ki, peyğəmbərin digər övladları da var idi, amma "Qurani-Kərim"də qeyd olunan əhli-beytə Hz. Məhəmmədin övladlarından ancaq Hz. Fatimə daxildir: "Xanım Zəhranın islamdakı məqamı o biri bacılarından daha üstündür. Yalnız peyğəmbər qızı olmaqla məhdudlaşmır. Hz. Məhəmmədin Hz. Xədicədən başqa qızları da vardı. Onlar da Allah rəsulunun ailə üzvləri idi. Amma Hz. Fatimənin məqamı onlardan fərqlənirdi. Onun əsas üstünlüyü isməti, ruhiyyət baxımından ucalığı və zərfiyyətidir. Həm də əməlinə görə seçilirdi. Hz. Fatimə Allaha çox yaxın idi. İslama görə bir insanın üstünlüyü Allaha yaxınlığı və təqvası ilə müəyyən edilir".
Verilişdə iştirak edən digər qonaq ilahiyyatçı Hacı Əhliman Rüstəmov də əhli-beytə daxil olan Hz. Fatimənin fəzilətindən bəhs etdi: " Xanım Zəhranı əməli üstün edirdi. Onunla bağlı "Kövsər" surəsi nazil olub. Bu onun məqamının böyüklüyünün göstəricisidir".
Ə. Rüstəmov əhli-beytin ailə qurması ilə bağlı da ətraflı məlumat verdi: Hz. Fatiməyə elçi gəlirdi. Amma peyğəmbər hamısına mənfi cavab verirdi. Bir gün də İmam Əli elçi düşür. Peyğəmbər deyir ki, gərək Fatimənin fikrini soruşam. Bəzən islama böhtan atırlar ki, guya dinimizdə qadın haqları yoxdur. Əksinin isbatını elə peyğəmbərin yaşamında görə bilərik. Allah rəsulu qızının fikrini öyrənmədən elçiyə cavabını bildirmir. Hz. Fatimənin də rəyini öyrənir. Bu ata-övlad münasibətlərinə dair gözəl bir örnəkdir. Qızının razılığını almadan evləndirmək istəyən atalar peyğəmbərin nümunəsinə diqqət etsinlər".
İlahiyyatçı İmam Əli ilə Hz. Fatimənin sevgisi haqqında da məlumat verdi: " Peyğəmbər qızının evlənməklə bağlı fikrini soruşanda xanım Zəhra susdu. O cür əxlaq sahibi olan qız belə də davranmalı idi. Allah rəsulu bu zaman dedi ki, susmaq razılıq əlamətidir. Beləcə toyları oldu. İmam Əli ilə Hz. Fatimənin arasında böyük sevgi də vardı. Ailəni İmam Əli dəvəsi ilə su daşımaqla dolandırırdı. Ailə daxili münasibətləri çox gözəl idi".