Hansı əməl islamda ən yüksək səxavət sayılır və mükafatı Cənnətdir?

Allah kimlərdən və kimə qarşı səxavətli olmağı buyurur?

 

"Səxavətli olmaq insanda ən gözəl xüsusiyyətlərdən biri sayılır və bununla bağlı islam mənbələrində məlumatlar var". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Samir Ağayev "Yaşıl orta" verilişində deyib. O bildirib ki, "Qurani-Kərim"ə  görə, səxavət hətta imanın şərtlərindən biridir: " "Bəqərə" surəsinin üçüncü ayəsində uca Allah belə buyurur: "O kəslər ki, qeybə inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər". Ayədən də göründüyü kimi Allah müsəlmanlardan səxavətli olmağı, paylaşmağı istəyir. Comərdlik imanın şərtlərindən biri olmaqla yanaşı, həm də imanın kamilliyinə dəlalət edən bir xüsusiyyətdir".

 

S.Ağayev əlavə edib ki, səxavətli olmaq insanı mənəvi cəhətdən dirçəldir və cəmiyyətdə insanlar arasındakı münasibəti tənzimləyir: " Müsəlman Allahın ona verdiyi nemətləri ətrafındakı insanlarla paylaşmalıdır. Malından, elmindən ehtiyacı olan adamlara sərf etməlidir. Çünki səxavətin arxasında böyük bir dəyər dayanır. bu dəyər Allaha iman etməkdir. Məhz iman insanı comərd olmağa vadar edir".

 

Verilişdə iştirak edən digər ilahiyyatçı Məhəmməd Nicat da  islamda səxavətə böyük önəm verildiyini bildirdi: "Səxavətli olmağın bir çox fəziləti var. Comərdlik islamda çox bəyənilən və ən gözəl xüsusiyyətlərdən biridir. Təəssüf ki, bu gün səxavət deyiləndə daha çox maddiyyat, pul yada düşür. Ehsandan söhbət düşdüyü zaman ancaq yas mərasimlərindəki yemək süfrəsini xatırlayırlar. Halbuki, ehsan yaxşılıq deməkdir və biz başqa sahələrdə də comərd davrana bilərik. Məsələn, birinə mənəvi, fiziki cəhətdən də dəstək olmaq mümkündür".

 

M.Nicat mövzu ilə bağlı İmam Sadiqdən (əleyhissəlam)  rəvayət olunan hədis də danışıb: " Bir kasıb İmam Sadiq əleyhissəlama deyir ki, mən kiməsə əl tutmaq istəyirəm, amma imkanım yoxdur. İmam soruşur ki, elmin var? Müsbət cavab alınca isə deyir: "O zaman elminlə yaxşılıq et". Yəni müsəlman səxavətli olmaq üçün varlı olacağı günü gözləməməlidir. Kimin imkanı nəyə çatırsa, ətrafındakı insanlara yaxşılıq etsin, səxavətlə davransın. Çünki bu əməlin Allah qatında mükafatı var".

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR