Dinin dövlət atributlarına münasibəti

"Azərbaycan hüquqi dövlətdir. Eyni zamanda vətəndaşların dini etiqad azadlığını da təmin edən ölkədir. Dövlətimiz dini ayrı-seçkilik etmədən hər bir vətəndaşa bərabər hüquqlar tanıyır". APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, fərqi yoxdur, istər müsəlman ol, istərsə də dinsiz, dövlət üçün hər kəs onun vətəndaşıdır: " Azərbaycan vətəndaşların dini etiqad azadlığını təmin bir hüquqi dövlətdir. İslamın belə bir dünyəvi dövlətçiliyə münasibəti normaldır. Əslində diqqət edəndə görürük ki, islamla bizim dövlətin qanunları arasında ziddiyyət yoxdur. Yəni islam prinsipləri ilə qanunvericiliyimiz eyniyyət təşkil edir. Belə olan halda deyə bilərik ki, islamı olduğu kimi yaşayan, dini prinsiplərə əməl edən müsəlman elə dövlət üçün də ən yaxşı vətəndaşdır".

 

N.Məmmədov bildirdi ki, müstəqilliyə qovuşduğumuz son 24 il ərzində ölkəmizdə dini sahədə mühüm işlər görülüb: "Bu illər ərzində dini etiqad azadlığı istiqamətində çox işlər görmüşük. 24 il ərzində məscidlərin sayı 17-dən 2200-ə qədər artırılıb. İslam dini icmaların və qeyri-müsəlmanların rahat şəkildə dini etiqadlarını yaşa bilmələri üçün şərait yaradılıb. 600-dən çox dini icma DQİDK-dan qeydiyyatdan keçib. Dövlətin dinə olan qayğısından çox danışa bilərik. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr dövlətin dinə olan qayğısını danmağa çalışır".

 

İlahiyyatçı əlavə edib ki, hər bir vətəndaşın, o cümlədən də dindar müsəlmanın dövlətimiz qarşısında vəzifələri var: "Dini mənsubiyyətindən asılı olmayaq, hər bir  vətəndaş dövlət qanunlarına tabe olmalıdır. Bu bütün inkişaf etmiş ölkələrdə də belədir. Azadlığı bəhanə gətirib, hər kəs hər istədiyini edə bilməz. Mən islam ölkələrindən bir misal çəkmək istəyirəm. Məsələn, Birləşmiş Ərəb Əmirliyində, İranda, Türkiyədə, Səudiyyə Ərəbistanında hər kəs minbərə çıxıb xütbə deyə bilməz. Yalnız məscidə təhkim olunmuş şəxs minbərə çıxa bilər. Görübsünüzmü ki, bir azərbaycanlı bu ölkələrdən birində xütbə desin? İcazə verməzlər. Bəs niyə  kimlərsə Azərbaycanda bunu etməyə çalışır? Bizim dövlətimizin də öz qanunları var. Qanunvericiliyə qarşı olan hərəkətlər dövlətə zərər verə biləcək addımlardır. Dini mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş dövlətinə tabe olmalıdır. Bu bizim dövlətimizdir və Azərbaycanı qorumalıyıq".

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR