Dünyada ilk cinayət hansı səbəbdən baş verib? Paxıllıq, rəqabət və qısqanclıq da günah sayılırmı?

"İslamın həsəd aparmağa münasibətini öyrənməzdən öncə, paxıllığın nə olduğunu bilməliyik. Bu mənfi cəhətin tərifini belə vermək olar: "Paxıllıq - başqa bir insanın üstünlüyündən, uğurundan narahat olub, həmin şəxsdən bu nemətin getməsini arzu etmək və buna çalışmaqdır". Bu üstünlük maddi və qeyri-maddi olan bütün nemətlərə aiddir. Məsələn, birinin istedadlı olduğunu öyrənirsən və bundan narahatçılıq keçirirsən. İstəyirsən ki, səndə olmadığı kimi o şəxsdə də istedad qalmasın. Bu paxıllıqdır". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Aslan Həbibov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, paxıllıq öncə kiməsə qarşı pis niyyət, davamında isə pis əməldir: " İnsan kiməsə həsəd aparır və ondakı üstün bir cəhətin əlindən çıxmasın arzu edir. Zamanla bu niyyətin gerçəkləşməsi üçün hərəkətə də keçir.Yəni bu niyyətin arxasında əməl də dayanır".

 

A.Həbibov islamın paxıllığa münasibətinə də aydınlıq gətirdi: "İslam kimi humanist bir din paxıllıq kimi mənfi bir xüsusiyyəti və davranışı qəbul edərmi? Əlbəttə ki, yox. İslamın həsəd aparmağa münasibəti birmənalı olaraq mənfidir. Bununla bağlı bir çox dini mənbələrdə məlumatlar da var. İnsanların çox zaman ruzi məsələsində paxıllığı ön plana çıxır. Birinin ruzisinin bol olmağına, var-dövlətinə həsəd apararlar. Halbuki neməti verən Allahdır. Bir məqamı da unutmamalıyıq ki, nemət yalnız maddiyyat deyil. Ağıl, istedad kimi maddi olmayan çoxsayda nemətlər də var".

 

İlahiyyatçı qibtə etmək haqqında da məlumat verdi. Bildirdi ki, qibtə etməklə paxıllıq arasında fərq var: " Bu ikisi fərqli anlayışlardır. Müsəlman kiməsə qibtə edə bilər. Çünki qibtə etdiyimiz zaman qarşımızdakı şəxsə pislik arzu etmirik, nemətin əlindən çıxmasını istəmirik. Sadəcə kimdəsə bir üstünlük varsa, arzu edirik ki, kaş məndə də olardı. Odur ki, dinimizin qibtə etməyə münasibəti mənfi deyil".

 

A.Həbibov əlavə etdi ki, islam müsbət rəqabəti dəstəkləyir: "Mənfi rəqabət də dinimizdə bəyənilmir. Məsələn, biri ilə rəqibsən və ona hər fürsətdə zərər verməyə çalışırsan, pislik edirsən. Bu mənfi rəqabətdir.  Amma birdə var müsbət rəqabət. Dinimiz buyurur ki, xeyir işlərdə yarışın. Məsələn, bir müsəlman təhsildə öz tələbə yoldaşları ilə yarışa bilər. Daha yüksək bal yığmaq üçün rəqabət aparar. Bu zaman da digər tələbələrə pislik arzu etməz, sadəcə öz üzərində çalışmaqla, daha çox oxumaqla özünü inkişaf etdirər". 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR