İslama görə nişanlı müddətində kəbin kəsilməsi doğrudurmu? Dövlət nikahı dini kəbini əvəz edirmi?
İslamın vətəndaş nikahına münasibəti...
"İslamın müsəlmanlar üçün təqdim etdiyi bir ailə modeli var". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Samir Əzizov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islamdakı ailə modelini öyrənmək üçün dinimizin əsas prinsiplərinə diqqət yetirmək lazımdır: "Bildiyiniz kimi islamın 2 əsas prinsipi var: "Qurani-Kərim" və peyğəmbərimizin sünnəsi. Bu iki əsas nəzəri mənbədir. Yəni ailə modelinin nəzəri əsasları bu iki mənbədə qeyd olunub. Həmçinin peyğəmbərin məşhur bir kəlamı da var. Allah rəsulu buyurur :"Mən sizin aranızda 2 ağır əmanət qoyuram. Bunlardan biri "Qurani-Kərim", digəri isə əhli-beytimdir". Bu dediklərimizi belə ümumiləşdirə bilərik: müsəlman ailə modelinin nəzəriyyəsi, əsasları "Qurani-Kərim" və sünnədə, praktikası isə əhli-beytin nümunəsindədir. Biz dini mənbələrdə oxuduqlarımızı təcrübə olaraq əhli-beytin həyatında görürük".
S.Əzizov qeyd etdi ki, "Əhli-beyt" ifadəsi dilimizə tərcümədə peyğəmbərin ailəsi deməkdir: "Bir müsəlman dinin buyurduğu ailənin necə olduğunu bilmək istəyirsə, əhli-beytin həyatı, nümunəsi ilə tanış olmalıdır. Çünki islam nəzəriyyəsinin ən gözəl praktikası peyğəmbərin ailəsidir".
İlahiyyatçı ailə üçün kəbinin vacibliyindən də danışdı: "Dini hüquqda kəbin termin olaraq "əqd" ifadəsi ilə işlədilir. Ailə üçün kəbin kəsilməsi önəmlidir. Bəziləri kəbinə yalnız münasibətlərin rəsmiləşdirilməsi kimi baxır. Amma bu belə deyil. Kəbin ilahi razılığı əldə etmək üçün bir əqddir. Dövlət nikahından fərqli olaraq, dini kəbinin mahiyyəti Allahın rizasını qazanmaqdır. Yəni bir mənəvi rabitədir. Odur ki, kəbini heç bir rəsmi sənəd əvəz edə bilməz".
S.Əzizov əlavə etdi ki, müsəlman yaşadığı dövlətin də qanunlarına tabe olmalıdır: "Müsəlman hansı dövlətdə yaşayırsa, deməli oranın vətəndaşıdır. Bir vətəndaş olaraq da qanunlara əməl etməlidir. Yəni hüquqi dövlətdə yaşayırsa, deməli dövlət nikahı da bağlamalıdır. Azərbaycanda bir qayda olaraq, dini kəbin ancaq rəsmi nikahdan sonra kəsilə bilər. Bu vətəndaşların hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub".
İlahiyyatçı islamın vətəndaş nikahına münasibətinə də aydınlıq gətirdi: "Dinimiz belə bir münasibətlərə qarşıdır. Vətəndaş nikahında yaşayan insanların əməli zina hökmündədir".