Radikal dini cərəyanlar necə yaranır? Müsəlmanlar Afrikada 120 milyon insan öldürüb?
İslamın adının radikallıqla hallanmasında kimlərin rolu var?
"İslam salam, sülh sözündən götürülüb. Birinə salam verdiyimiz zaman ona sülh və əmin-amanlıq arzu edirik. Mənası sülh olan din necə radikal ola bilər? Əlbəttə ki, islam tam mənası ilə sülh və sevgi dinidir". APA TV-nin məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avroasiya regional mərkəzinin direktoru Elçin Əsgərov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islamın sülh dini olduğuna dair dini mənbələrdə bir çox dəlillər var: "Həm "Qurani-Kərim"də, həm də peyğəmbərimizdən rəvayət olunan hədislərdə sülhə dair bir çox əsaslar var. Məsələn, "Bəqərə" surəsinin 208-ci ayəsində uca Allah belə buyurur: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ile getməyin, çünki o sizin açıq düşmənimizdir!" Başqa bir ayədə- "Nisa" surəsinin 128-ci ayəsində isə "sülh daima xeyirlidir" deyə bildirilir".
E.Əsgərov bildirdi ki, həmçinin peyğəmbərimizin həyatında sülhə aid çox çağırışlar var: " "Müsəlman kimdir?" sualına qarşılıq Hz.Məhəmməd peyğəmbərin gözəl bir kəlamı var: "Müsəlman o kəsdir ki, başqaları onun yanında özünü əmin-amanlıqda hiss etsin". Yəni islam dininin daşıyıcısı olan kəs heç kimə zərər verməyən insan olmalıdır. Lakin təəssüf ki, bu gün bəzən islamın mahiyyətindən uzaq davranan müsəlmanları da görürük. Bunun isə bir çox səbəbləri var. Onlardan biri də dində ifrata varmaq, dini əmrləri yanlış anlamaqdır".
İlahiyyatçı qeyd etdi ki, radikal düşüncədə olan dindarlar öz mövqelərini hətta ayələrlə əsaslandırmağa çalışırlar: " Məsələn, "Bəqərə" surəsinin 191-ci ayəsinin bir hissəsini misal çəkirlər: " "(Müşriklərə) harada rast gəlsəniz öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın!" Halbuki bu ayənin tam məzmunu deyil və bundan öncəki ayə ilə "öldürün" əmri tam izah olunur. Öncəki ayədə belə bildirilir: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir". Göründüyü kimi söhbət sülh şəraitindən deyil, müharibə dövründən gedir. Yəni müharibə olarsa, sizinlə vuruşanlaar qarşı vuruşun. Müharibə şəraiti ilə bağlı enən ayələri sülh dövrünə şamil etmək olmaz. Odur ki, bir əmri doğru anlamaq üçün ayəni tam şəkildə oxumaq və nazil olma səbəbini bilmək vacibdir. Tam oxumadan, sadəcə bir cümləni seçib, ona əsaslanmaq yanlış nəticələrə səbəb olur".