Müsəlman Yeni ili qeyd edə, yolka bəzəyə bilərmi? Hansı Yeni il ənənəsi haramdır?

Yeni il ilə bağlı batil inanclar, doğru bildiyimiz yalanlar...

 

"Yeni il yaxınlaşdıqca, insanlarımızı bir sual da düşündürür: Müsəlman Yeni ili bayram kimi qeyd edə bilərmi? Cavab vermək üçün islam mənbələrinə nəzər salmalıyıq. Öncə bu suala aydınlıq gətirək: Məgər dinimiz qeyri-islami ənənələrə və bayramlara qarşıdırmı? Bəzi insanların fikrincə, müsəlman yalnız islam bayramlarını qeyd edə bilər. Bu düşüncədə olan dindarlar cəmiyyətlə bağlı hər məsələyə dini rəng qatmağa çalışırlar. Halbuki əslində belə deyil. Dinimiz qeyri-islami ənənələri və bayramları qadağan etmir. Bunun üçün diqqət etməli olduğumuz məqamlar var". APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abdullaoğlu "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islam bayramları 2 yerə ayırır: " Dinimizin məqbul saydığı və saymadığı ənənələr var. Hədislərə və dini mətnlərə görə, özündə mənfi elementləri əks etdirən və qeyri-islami dinlərə aid olan bayramlar qadağandır. Lakin digər dinlərin fundamental atributlarını əks etdirməyən, cəmiyyətə xoş və faydalı mesajlar verən bayramlar məqbuldur. Bu baxımdan da müsəlman Yeni il bayram kimi keçirə bilər. ".

 

R.Abdullaoğlunun fikrincə, cəmiyyət olaraq, Yeni ili dini bayram kimi qeyd etmirik: " Əksəriyyət 31 Dekabrı ilin yenilənməsi münasibəti ilə bayram keçirir. Bildiyiniz kimi müxtəlif təqvimlər var. Biz ölkə olaraq, Qriqori təqviminə əsaslanır, meyar kimi götürmüşük. Bu təqvimə görə də yanvarın 1-i yeni il başlayır. Təqvim dəyişdiyi üçün 31 dekabrı bayram kimi qeyd edirik. Odur ki, Yeni ilə dini mahiyyət verməyin tərəfdarı deyiləm".

 

İlahiyyatçı əlavə etdi ki, bəziləri Miladla Yeni il bayramını qarışıq salırlar: " Bunlar fərqli bayramlardır. Onu da qeyd edək ki, müsəlman hətta İsa Məsihin dünyaya gəlişini də bayram kimi qeyd edə bilər. Çünki İsa Məsih islamın qəbul etdiyi peyğəmbərdir. Dinimizə görə müsəlman 124 min peyğəmbəri qəbul etməlidir. Əks halda dindən çıxmış hesab olunar. Bu baxımdan İsa Məsihin doğuluşunu müsəlman bayram edə bilər. Lakin bir məqam da var. Bu gün xristian aləminin İsa peyğəmbərə yanaşmasında təhrif var. Onu Allahın yerdəki təcəllisi kimi qəbul edirlər. İslam belə bir düşüncənin əleyhinədir. Yəni bu cür yanaşmaya əsaslanıb bayram etmək olmaz. Amma bir az söylədiyim kimi sadəcə  bir peyğəmbər kimi dünyaya gəlişini qeyd etməkdə heç bir irad yoxdur". 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR