Hz. Məhəmməd islama necə dəvət edirdi? Müşriklər niyə peyğəmbəri inkar edirdi?

Kimlər dinə dəvətlə məşğul ola bilər?

 

"İslamda dəvət önəmli mövzulardan biridir və dəvətin əsas şərtlərindən biri səmimiyyətin olmasıdır. Yəni dinə dəvət edən şəxs səmimi şəkildə bunu həyata keçirməlidir". APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin Bakı şöbəsinin müdir müavini, ilahiyyatçı Ceyhun Əliyev "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islamda ən gözəl və nümunəvi dəvət metodu Hz.Məhəmmədə məxsusdur: "Allah rəsulunun dəvətində səmimiyyət, gözəl nümunə və səbir vardı. Peyğəmbər nəyi tövsiyə edirdisə, özü də ona əməl edərdi. Bu baxımdan dəvəti böyük bir məktəb, eyni zamanda hər bir müsəlman üçün gözəl nümunədir. Amma digər öncəki peyğəmbərlərdə olduğu kimi Hz.Məhəmmədin də dəvət prosesi çox məşəqqətli  bir proses olub".

 

 

İlahiyyatçı qeyd etdi ki, Hz.Məhəmməd peyğəmbərliyin ilk 3 ilində ümumi deyil, fərdi şəkildə dəvətlə məşğul olurdu: " Alimlərin bildirdiyinə görə, Allah rəsulu gizli, yaxud da fərdi qaydada da dəvət edirdi. Dəvətə həyat yoldaşı Hz. Xədicə və yaxın çevrəsindəki insanlarla başlayan peyğəmbər bir müddət sonra qohumlarını da haqq yola çağırdı. Bunun üçün ziyafət təşkil etdi və peyğəmbərliyini elan etdi. Həmin ziyafətdə qohumlarından yalnız Hz. Əlinin onun dəvətini qəbul etdiyi bildirilir".

 

C.Əliyev cahiliyət dövrü haqqında da məlumat verib: " İslamdən əvvəlki cahiliyyət dövründə Ərəbistan yarımadasında vəziyyət dini baxımdan olduqca mürəkkəb idi. Məkkə bütpərəstliyin hakim olduğu bir əraziyə çevrilmişdi. Tarixi mənbələrdə o zaman Məkkədə 360-a yaxın bütün olduğu qeyd edilir. Bunlar müxtəlif qəbilələrə məxsus və arzuların həyata keçirilməsi üçün nəzərdə tutulan bütlər idi. İnsanlar bütlərə müxtəlif xüsusiyyətlə şamil edərək onlara tapınırdılar. Lakin bununla belə bütün Məkkə əhalisini bütpərəst adlandırmaq doğru olmazdı. Orada Hz. İbrahimdən qalmış həniflik, təkallahlılıq anlayışının daşıyıcıları da var idi. Məsələn, Məhəmməd peyğəmbərin peyğəmbərlikdən öncə də bütlərə tapınmadığı bildirilir".

 

İlahiyyatçı bildirdi ki, insanlar müxtəlif səbəblərdən Hz. Məhəmmədin dəvətini inkar edirdilər: " Öncə onu qeyd edək ki, Məkkədə qəbilə təəssübkeşliyi vardı və güclü idi. Onlar ata-babalarının getdiyi yanlış yoldan dönmək istəmirdilər. Hətta yanlış olsa belə illərlə inandıqları dəyərlərin dəyişməsinə göz yuma, razılaşa bilmirdilər. Peyğəmbərimiz isə onları həqiqi dinə, Allahın təkliyinə dəvət edirdi. İnkarçıların başqa bir səbəbi isə ticarətlə bağlı idi. Onlar qorxurdular ki, islamın yayılmasından sonra şərab ticarəti zəifləyər. Həmçinin bütləri ziyarət etmək üçün digər ərazilərdən də insanlar Məkkəyə gəlirdi. Bu ziyarətə görə də əlavə gəlirləri olurdu. Müşriklər həmin gəlirin əllərindən çıxmasına razı deyildilər".

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR