Məzhəblərin islam qardaşlığı altında yaşaması nə zaman mümkündür? Dində qızıl ortanı necə təyin etməli?

İslamda qızıl orta: ifrat və etinasızlıq arasında orta yol

 

“Mötədillik peyğəmbər təcrübəsini ifadə edir. Bu anlayış sonradan ortaya  çıxmayıb, çünki mötədillik elə islamın özüdür”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elvüsal Məmmədov  "Yaşıl orta" verilişində deyib. O bildirib ki, mötədilliklə bağlı “Qurani-Kərim”də ayələr var: “  “Bəqərə”surəsinin 143-cü ayəsində uca Allah belə buyurur: “ Beləliklə Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun”.  Allah müsəlmanları orta ümmət adlandırır.Öncə ayədə keçən “orta ümmət” ifadəsinə aydınlıq gətirək. İslam alimləri bildirib ki, ayədə keçən orta ifadəsi mötədil, ədalətli, düzgün, qızıl ortanı qoruyub saxlaya bilən mənasına gəlir. Bu ayədən çıxış edərək deyə bilərik ki, müsəlman ümməti ədalətli, dürüst, mötədildir. Yəni nə ifrata varır, nə də etinasızlıq göstərir. Beləliklə, ayədə qeyd olunan “orta” sözünün mənası tarazılıq, iki zidd məsələ arasında orta məqamı tapmaq, ədalətli olmaq, qızıl orta qaydasına riayət etmək kimi başa düşülür”.

 

E.Məmmədov əlavə etdi ki, peyğəmbərimiz “Qurani-Kərim”ə ən gözəl şəkildə əməl edən bir şəxsiyyət idi: “Allah rəsulunun həyatına baxanda görürük ki, o nə ifrata varıb, nə də etinasızlıq göstərib. Peyğəbərin təcrübəsi elə mötədilliyin özüdür. Əslində mötədillik islamın düzgün başa düşülməsidir”.

 

İlahiyyatçı bildirdi ki, mötədillik həm də müxtəlif dini məzhəblərin yaşadığı toplumda birgə yaşayışın şərtidir: “Fərqli məzhəb nümayəndələrinin islam qardaşlığı altında yaşaya bilməsi, sağlam dini mühitin formalaşması, yanlış fikirlərin redaktəsi üçün mötədillik çox önəmlidir. Cəmiyyətdə birgə yaşayışın əsas şərtlərindən biridir. Yenə peyğəmbərimizin nümunəsinə nəzər salaq. Allah rəsulu fərqli düşünən insaların səhvlərini düzəldirdi, amma əsla onlara qarşı cəbhə açmırdı, incitmirdi, onları icmadan uzaqladırmırdı. Mötədilliklə radikalizmin və təəssübkeşliyin də qarşısını almaq mümkündür”.

 

E.Məmmədov qeyd etdi ki, mötədillik yalnız dini mövzulara aid deyil: “ Dinlə yanaşı dünyaya dair məsələlərdə də qızıl ortanı tapmaq lazımdır. İnsan dünyaya münasibətdə də mötədil olmalıdır. Nə dünyaya çox dalmamalı, nə də dünyadan uzaqlaşmamalıdır. Dünyaya dalanlar dünyanın quludurlar, dünyadan imtina edənlər isə tərki-dünya həyatını seçənlərdir. Halbuki islam tərki-dünya həyatını qadağan edir”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR