Müsəlman ateist ilə dost ola bilərmi? Namaz qılmayan kafir sayılırmı?

 

Müsəlman valideyn kafir övladına görə Allah qatında məsuliyyət daşıyırmı?

“İslamda küfrün 2 növü var: böyük və kiçik küfür. Böyük küfür insanı islam ümmətindən çıxaran küfürdür. Kiçik küfür isə müsəlmanı islamdan çıxarmaz, amma böyük günahlara səbəb olar”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ceyhun Şükürov  "Yaşıl orta" verilişində deyib. O bildirib ki, böyük küfür etiqadi baxımdan, kiçik küfür isə əməli baxımdan edilən küfürdür: “ Böyük küfür edən şəxs kafir sayılır. İslam hüququna görə kafir olan və kafir kimi də bu dünyadan köçən insanın cəzası Cəhənnəmdir və orada əbədi qalacaq. Kiçik küfrü edən şəxslər isə kafir sayılmır. Lakin bu onları Cəhənnəm atəşindən xilas etmir. Kiçik küfür edərək böyük günah qazanan müsəlmanlar bir müddət Cəhənnəmdə cəza çəkəndən sonra Allah onları Cəhənnəmdən çıxaracaq”.

C.Şükürov qeyd etdi ki, peyğəmbəri yalan saymaq, axirəti, “Qurani-Kərim” ayələrini inkar etmək kimi ağır günahlar böyük küfrə daxildir: “ Bəzən sual verirlər ki, namaz qılmayan, yaxud da namazı tərk edən kafir sayılırmı? Öncə onu qeyd edək ki, kəlmeyi-şəhadəti qəbul edən hər kəs müsəlmandır. Əgər bir insan namaz qılmırsa, amma ibadətin vacibliyini də inkar etmirsə, bu onu islamdan çıxarmaz. Yəni inkar etməyincə, kafir sayılmaz.  Kimsə namazın vacibliyini inkar edərsə, böyük küfür etmiş olar. Namaz qılmamaq kiçik küfürdür. Amma bu ibadət etməyənləri Cəhənnəm odundan xilas etməyəcək. Peyğəmbər Cəhənnəmdə olan insanlardan soruşacaq ki, sizi Cəhənnəmə salan nədir? Cavab verəcəklər ki, biz namaz qılanlardan deyildik. Yəni namaz qılmayan kafir olmasa da, böyük günah qazanmış olur”.

İlahiyyatçı yalnız Allahı qəbul edən, dinləri, peyğəmbərləri, kitabları inkar edən şəxslər haqqında da danışdı: “Bu cür insanlar barəsində hökm vermədən öncə onların yaşadığı cəmiyyəti və şəraiti öyrənmək önəmlidir. Məsələn, Azərbaycan 70 il ateist rejimdə yaşamış toplumdur. Uzun illər dindən, dini maariflənmədən uzaq düşmüş biri peyğəmbəri, dini inkar edə bilər.Çünki ona gerçək din çatdırılmayıb, məlumatsızdır. Bu düşüncədə olan insanları kafir adlandırmağa tələsməyək. Öncə onları islama dəvət etməli, dini gözəl və düzgün şəkildə çatdırmalıyıq. Həqiqətləri öyrəndiyi halda yenə də inkar edən şəxs artıq kafirdir”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR