Hansı günah ömrü qısaldır? Qiyməti süni artıranları gözləyən ağır cəza...

Haram qazancdan verilən sədəqənin savabı varmı?

“İslama görə ədalət  hər şeyin öz yerində olmasıdır. Yəni hər şeyin ona layiq olan yerdə durmasıdır. Bu səbəbdən də “Qurani-Kərim”də qeyd olunub ki, Allah yerləri və göyü ədalətlə yaratdı. Bu məzmunda çoxsayda hədislər də var”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Hacı Şahin Həsənli "Yaşıl orta" verilişində deyib. O bildirib ki,  ədalətin qarşılığı zülm hesab olunur: “İslamın insanlardan tələbi ədalətli olmaqdır. İnsanlara və varlıq aləminə ədalətlə yanaşmaq möminin  xüsusiyyətlərindən biridir”.

Ş.Həsənli onu qeyd edib ki, ədalət həm də Allahın adlarından biridir: “Allahın ədalət sifəti də var. Dinimizdə insan Allahın xəlifəsi olaraq, ilahi sifətlərin təcəssümü kimi qəbul edilir. Yəni insanda ilahi sifətlər və xüsusiyyətlər də olmalıdır. Çox zaman ədalətlə bərabərliyi eyniləşdirirlər. Halbuki bunlar iki fərqli məfhumlardır. Bəzən ədalət tələb edir ki, insanlar arasında fərqliliklər olsun”.

İlahiyyatçının sözlərinə görə, bəzi insanlar onlara pislik edən kəslərin bu dünyada cəzalanmasını istəyirlər, axirət cəzalarına isə real baxmırlar: “ Elə düşünürlər ki, günah edən insan bu dünyada cəza almalıdır. Cəzanın axitərə qalmağını mənasız hesab edirlər. Bu doğru yanaşma deyil. Belə bir düşüncə axirət təsəvvürünün yanlış olmasından qaynaqlanır. Unutmamalıyıq ki, ədalətin tam təzahürü axirət aləminə aiddir. Bütün peyğəmbərlər insanların əbədi olaraq var olacağı xəbəri çatdırıblar.  Ölüm insanın sonu deyil. Ölüm insanın bir aləmdən başqa bir aləmə köçməsi kimi qəbul olunmalıdır. İnsan axirət aləmində etdiyi əməllərin qarşılığını görəcəkdir. Hər kəs etdiyi əməlin qarşılığı ilə mütləq üzləşəcək, nəticəsini öz gözləri ilə görəcəkdir. Bu qaçınılmazdır. Allahın vədi ilahi ədalətin tələbidir. Lakin əməllərimiz dünya həyatına da təsir göstərir, bu dünyada ikən ilahi ədalətin şahidi oluruq. Bir çox hallarda da başımıza gələn bəlalar, problemlər öz əməllərimizin nəticəsidir. İnsana kiməsə zülm edibsə, hökmən bu ya digər şəkildə dünyada nəticəsini görəcək. Məsələn, valideynin  üzünə ağ olan övlad bunun cəzasını  elə dünyada ikən görür, ömrü qısalır, ruzisində bərəkət olmur.  Allah bu dünyada da ədalətsizlik etmir. Amma əgər kimsə günahının cəzasını bu dünyada çəkməyibsə, mütləq şəkildə axirətdə nəticəsi ilə üzləşəcək. Allah vəd verir ki, axirətdə heç kimə qarşı ədalətsizlik olunmayacaq. Odur ki, axirət həyatını doğru anlamaq lazımdır. Axirət real həyatdır. Axirət cəzaları və mükafatları dünyanın cəza və mükafatlarından daha üstündür”.

 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR