Niyə ölü üçün “Yasin” oxunur? Namazı Azərbaycan dilində də qılmaq olarmı?
Oxunan Quran ölüyə çatırmı? Quran niyə birdəfəyə deyil, 23 ilə nazil olub?
“ “Qurani-Kərim” ilahi vəhydir, Allahın kəlamıdır. Bu müqəddəs kitabın təfsiri və tərcüməsi haqqında danışmazdan öncə gəlin onun tərifini verək. “Qurani-Kərim” Allah tərəfindən vəhy mələyi Cəbrayıl əleyhissəlam vasitəsi ilə son peyğmbər Məhəmməd əleyhissəlama nazil olan, səhifələrdə yazılan, heç bir dəyişiklik olmadan, orijinal bir şəkildə günümüzə çatan, eyni zamanda oxunması ilə ibadət edilən, “Fatihə” surəsi ilə başlayıb, “Nas” surəsi ilə bitən ilahi vəhydir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, “Qurani-Kərim” Allahın peyğəmbərimizə nazil etdiyi müdəqqəs kitab, ilahi qanunlar toplusu, məcmuəsidir: “ Sual verilə bilər ki, “Qurani-Kərim” niyə birdəfəyə deyil, 23 ilə nazil olub? Ona görə 23 ilə nazil olub ki, insanlar Allahın əmrlərini rahat şəkildə həyatlarına tətbiq etsinlər. Çünki birdən-birə bütün əmrlərə əməl etmək insanlar üçün ağır olardı. Odur ki, islamda tədricilik prinsipi var”.
E.Mahmudov “Qurani-Kərim”in ehtiva etdiyi mövzular haqqında da məlumat verib: “Müqəddəs kitabda bir çox mövzular yer alır. Ən əsas məsələlərdən biri tövhiddir. “Qurani-Kərim” bir tövhid kitabıdır. Allah özünü bəndələrinə, bəşəriyyətə ayələrlə izah edir. Allah özünü “Qurani-Kərim”də bizə tanıdır. Həmçinin həyatın mənası və hədəfi haqqında da mövzulardan bəhs olunur. Axirət, ölüm, ölümdən sonrakı həyat haqqında yeganə məlumatlar müqəddəs kitablardadır. Bu haqda Allah bizə məlumat verir. Çünki yaradıcı Odur. Eləcə də imanın şərtləri, mələklər, peyğəmbərlər, kitablara iman kimi məsələlər də ehtiva olunur. “Qurani-Kərim”də Allah-insan, insan-insan münasibətlərini tənzimləyən qanunlar var. Bütün halal və haramlar da bununla əlaqəlidir”.
İlahiyyatçı əlavə etdi ki, ərəb dilində kəlmələrinin zənginliyi,məna çalarları var: “ “Qurani-Kərim” çox geniş mənaları ehtiva edən kitabdır. Biz onu anlamaq üçün açıqlamasına, təfsirinə ehtiyac hiss edirik. Təfsir nədir? Təfsir izah etmək, açıqlamaq, şərh etmək deməkdir. Təfsir Quran elmidir. “Qurani-Kərim” özünə “açıq-aydın kitab” deyir. Hətta təfsirsiz, sadəcə tərcüməsini oxuduğumuz zaman da çox məsələnin açıq-aydın qeyd edildiyini görürük. Amma hikmətlərini, batini tərəfini daha dərindən bilmək üçün təfsir elminə ehtiyacımız var”.