“Qadın kişinin qabırğasından yaranmayıb və ev işlərini görmək qadının vəzifəsi deyil!”

İslam gender bərabərliyini qəbul edirmi?

 

“İslamın gender bərabərliyinə münasibətini öyrənmək üçün öncə bərabərlik ifadəsinə aydınlıq gətirək. Əgər burada bərabərlik deyilən zaman qadınla kişinin hüquq bərabərliyi nəzərdə tutulursa, islam belə bir eyniliyi qəbul etmir. Dinimiz bəzi mövzularda qadınlara, bəzi məsələlərdə isə kişilərə hüquq üstünlüyü tanıyır. Məsələn, islam qadına işləməyə icazə verir. Yəni qadın istəsə işləyə bilər, istəməsə çalışamağa məcbur deyil. Bu onun haqqıdır. İşlədiyi təqdirdə belə qazancı onun ixtiyarındadır. O ailəsini təmin etmək məcburiyyətində deyil. Yəni gəlirini ailəsinə xərcləməyə bilər. Amma kişiyə belə bir hüquq verilməyib. Kişinin ailəsinə baxmaq, təmin etmək kimi məcburiyyəti var. Amma qadına belə bir hüquq verilib”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Dürdanə Cəfərli  "Yaşıl orta" verilişində deyib. O bildirib ki, islamda qadın-kişi arasında hüquq fərqliyi var: “Amma bu fərqlilik birini digərindən üstün etmir. Yəni dinimiz cinsi ayrı-seçkiliyə, bir cinsin digərindən üstünlüyünə qarşıdır. “Quranı-Kərim”in “Hucurat” surəsinin 13-cü ayəsində uca Allah belə buyurur: “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır”. Bu ayədə bildirilir ki, insanlar içində üstün olan Allahdan daha çox qorxan, təqvalı olandır. Yəni istər kişi olsun, istərsə də qadın, fərqi yoxdur. Allah qatında üstün olan təqvada üstün olandır. Bu ayə bir daha təsdiq edir ki, islamda cinsi üstünlük yoxdur, qadınla kişi bərabərdir. Hüquqda üstünlük kişini qadından üstün etməz. İslamda bir üstünlük meyarı var, o da təqvadır”.

 

İlahiyyatçı qeyd edib ki, Allah bir-birini tamamlaması üçün bu iki cinsə fərqli xüsusiyyətlər qərar verib: “ İki cins bir-birinin tamamlayıcısıdır. Bu baxımdan öhdəçilik fərqləri də müxtəlifdir. Tarixə  nəzər salanda görürük ki, cəmiyyətdə qadının rolunu azaltmaq, kişidən aşağı məxluq olduğunu sübut etmək üçün din amilindən istifadə olunub. Məşhur bir anlayış var. Deyirlər ki, qadın kişinin qabırğasından yaradılıb. Qadını daha da çox aşağılamaq üçün hətta sol qabırğasından yarandığını iddia edirlər. Bəs əslində necədir? Allah buyurur ki, insanlar eyni xilqətdən, eyni nəfsdən yaradılıb. “Qurani-Kərim”ə əsasən Allah öncə gildən Hz. Adəmi, gilin qalığından isə Hz. Həvvanı yaradıb. Yəni qadın deyildiyi kimi kişinin qabırğası deyil, onunla eyni yaradılışa malikdir”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR