Allah hardadır? Allahı görən olubmu? Kim Rəbblə söhbət edib?

Allah göydədirmi? Allahın fiziki görünüşünə dair dində məlumat varmı? 

 

“Allah insanlara özünü “Qurani-Kərim”də tanıdır. Biz onu uca, ulu, qüdrətli və s. kimi tanıyırıq. Amma müqəddəs kitabda onun zatı haqqında heç bir məlumat yoxdur. Odur ki, Allahın zatı haqqında olan bütün təxəyyüllər, düşüncələr yanlışdır. Rəbbimiz bizə zatını tanıtmaz”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ağa Hacıbəyli "Yaşıl orta" verilişində deyib. O bildirib ki, Allah özünü bizə “əsmaül-hüsna”, yəni ən gözəl adları ilə tanıdır: “Ancaq burada bir məsələyə diqqət yetirməliyik. Hər şey məxluqdur, yaradan Allahdır. Biz insan olaraq, onun yaratdığı məxluqat arasındayıq. Hər məxluq əsklində bir kitabdır. Önəmli olan o kitabları oxumaq, onun əsərlərindən Onu tanımağa çalışmaqdır.Yəni Allahı öz təsəvvürümüzdəki kimi deyil, “Qurani-Kərim”də təqdim olunan kimi tanımalıyıq”.

 

A.Hacıbəyli qeyd edib ki, insanlar Allah, peyğəmbər haqqında şəxsi fikirlərə daldıqları zaman şeytanın vəsvəsəsi ortaya çıxır: “Ona görə də insan dinlə bağlı həqiqətlər haqqında bilgiləri doğru qaynaqdan, doğru mənbədən almalıdır. Allahın varlığı ilə bağlı ən gözəl mənbə “Qurani-Kərim”dir. Özü ilə bağlı məlumatları Rəbbimiz müqəddəs kitabda bəyan edir.  Məsələn, “Bəqərə” surəsinin 255-ci ayəsində belə buyrulur: “Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur”. Allah bu ayədə özünü tanıdır və biz onu özünü tanıtdığı kimi tanımalıyıq.  Başqa bir ayədə isə Allah özünü elə Allah olaraq tanıdır. Biz Allahın isimlərini 99 ad olaraq tanıyırıq. Əlbəttə ki, 99 adla məhdudlaşmaq da doğru deyil. 99 ən gözəl adlarıdır. Biz “Allahu əkbər” deyirik. Bu nə deməkdir? Yəni, Allah, səndən başqa hər şey- dünya da, kainat da, aləmlər də kiçikdir, böyük olan tək sənsən. İnsan əqli ilə düşünür. Önəmli olan odur ki, insanın əqli də iman etsin”.

 

İlahiyyatçının sözlərinə görə, Allahı fiziki olaraq təsəvvür etmək olmaz: “Zamanında peyğəmbərimizdən də soruşurdular ki, sənin Allahın kimdir? Haradadır? Kimliyi barəsində maraqlanırdılar. Bu zaman Rəbbimiz “İxlas” surəsini endirdi: “De: “O Allah Təkdir! Allah Möhtac deyildir. O, nə doğub, nə doğulub, Onun bənzəri də yoxdur”. Tövhid surəsi olan “İxlas” surəsində Rəbbimiz özünü ehtiyacsız tanıdır. Amma insanın ehtiyacları var. Məsələn, gözə, ələ və s. ehtiyacımız var. Allah isə ehtiyacdır. Bir insanın Allahı fiziki olaraq təsəvvür etməsi günahdır. Bundan çəkinmək lazımdır”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR