Allaha and içmək olarmı? Rəbbə iftira atan kimlərdir?

Böhtan atan hansı cinayətkarla eyni günahı daşıyır?

Allah iftira atanları bağışlayırmı?

 

“İslamın böhtana münasibətini öyrənməzdən öncə  dinimizin iftiraya verdiyi tərifə baxaq. İslama görə nə böhtan sayılır? Yalan yerə istinad vermək, bir insana aid olmayan xüsusiyyəti ona şamil etmək, yalan danışmaq, yalançı şahidlik etmək kimi mənfi hallar böhtan sayılır”.  APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Qadir Səfərov  "Yaşıl orta" verilişində deyib. O bildirib ki, böhtanla bağlı “Qurani-Kərim”də və peyğəmbərimizdən rəvayət olunan hədislərdə ətraflı məlumat var: “ Peyğəmbərimizdən qeybət haqqında soruşurlar. Allah rəsulu bildirir ki, din qardaşın haqqında mənfi xüsusiyyəti bir başqasına danışmaq qeybətdir. Hətta bu mənfi xüsusiyyət onda olsa belə. İnsan barəsində olmayanı danışmaq isə böhtandır”.

 

Q.Səfərov qeyd etdi ki, böhtanla bağlı “Qurani-Kərim”də 59 yerdə bəhs olunub: “Müqəddəs kitabımızda 59 ayədə iftira haqqında danışılır. Bunlar müxtəlif mövzularda olan böhtanlardır. Məsələn, iffətli qadına zina iftirası atmaq, Allaha böhtan atmaq, ayələri inkar etmək, Allahın adından yalan danışmaq və s. Unutmamalıyıq ki, islam əxlaq məsələlərində kəskin mövqe ortaya qoyur. Böhtan cəmiyyətin mənəvi halını sarsıdan, insanlar arasında ictimai münasibətləri korlayan bir günahdır”.

 

İlahiyyatçının sözlərinə görə, böhtan atılan zaman hər iki tərəf də zərər çəkir: “ Böhtan özü ayrılıqda bir günahdır və böyük günahlara daxildir. Birisi iftira atırsa, bu zaman ikiqat günah etmiş olur. Yəni böhtanın bir təsiri qarşı tərəfədirsə, ikinci təsiri böhtan atan şəxsə yönəlir. Nəticə etibarı ilə həm böhtana məruz qalan, həm də iftira atan zərər çəkmiş olur. İslamın böhtan haqqında mövqeyi birmənalıdır. Peyğəmbərimiz hətta zarafatla belə iftira atmağa icazə verməzdi. Allah rəsulu buyururdu ki, müsəlmanın vəzifəsi doğrunu danışmaqdır. İslama görə, insanların qurtuluşu doğruluqdadır”.

 

Q.Səfərov bildirdi ki, böhtanın da tövbəsi var: “Əgər insan birinə iftira atıb, sonra peşman olursa, həm böhtana məruz qoyduğu şəxsdən halallıq almalı,həm də Allaha tövbə etməlidir. Böhtan da qul haqqının pozulmasıdır, odur ki, şəxsdən halallıq almaq çox önəmlidir”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR