Səməni cücərtmək, tonqal qalamaq islama görə haram sayılırmı? Novruz hansı xalqa məxsusdur?
Novruzun adı niyə farscadır?
“Novruz bayramının Azərbaycan xalqının folklorunda, mədəniyyətində, məişətində böyük yeri var. Novruz mərasimləri və onları əks etdirən elementlər folklorla bağlıdır və çox qədim tarixi var”. APA TV-nin məlumatına görə, bunu etnoqraf, tarix üzrə fəlsəfə doktoru İlhamə Məmmədova "Yaşıl orta" Novruza həsr olunan bayram buraxılışında deyib. O bildirib ki, Novruz mərasimləri və hazırlıqları bayramdan bir neçə həftə öncədən başlayır: “Odur ki, Novruz yalnız bayram günündən ibarət deyil, bayramaqədərki hazırlıq müddəti də Novruza aid mərasimlərə daxildir. Bayramdan öncə Səməni cücərdilir, evdə təmizlik işləri aparılır, ailə üzvlərinə yeni paltarlar alınır və s. Təzə paltar da Novruzun elementlərindən biridir. Novruzla həyat canlanır və yenilənir. Bu yeniliklər insanların daxili aləminə də təsir edir. Ümumiyyətlə, Novruzda yenilikçi məqamlar çoxdur”.
İ.Məmmədova qeyd etdi ki, Novruz bizim mədəniyyətimizin ayrılmaz bir parçasıdır: “ Novruza aid şirniyyat növləri də var. Əvvəllər paxlava, şəkərbura ancaq bayramda bişirilərdi. Şirniyyatın hazırlanmasının da öz mərasimləri vardı. Qohum-əqraba bir yerə yığılar paxlava bişirilərdi. İnsanlar birgə olduqları zaman sevinc də sevincə qarışar, nəğmələr, bayatılar söylənilərdi. Bu cür ənənələrin ictimai əhəmiyyəti çoxdur. İnsanlar bir-birinə daha da doğmalaşır, mehribanlaşırdı”.
Etnoqraf Novruzun tarixi haqqında da məlumat verdi: “ Bu təbiət bayramıdır, onun dəqiq tarixi yoxdur. Novruzu hansısa dinlə, atəşpərəstliklə bağlamaq doğru deyil. Çünki Novruzun tarixi atəşpərəstlikdən də qədimə dayanır. İnsan hər zaman təbiətin oyanmasını, fəsillərin dəyişməsini duyub. Bu bayram birdən-birə, yaxud da bir gündə yaranmayıb. Novruz əsrlərin sınağından keçib və əsasən də mülayim iqlim qurşağında yaşayan xalqlar tərəfindən qeyd olunur. Novruzu hansısa xalqa aid etmək doğru olmaz. Bu coğrafiyada yaşayan xalqlar tərəfindən qeyd olunan müşrərək bir mədəniyyətdir. Qonşu xalqlar arasında daima mədəni diffuziya olub və hər bir xalq Novruza özünəməxsus çalar qatıb”.
Mövzu ilə bağlı islamın mövqeyinə aydınlıq gətirən ilahiyyatçı Əli Şərbətov isə bildirdi ki, dinimiz milli mədəniyyətə və ənənəyə qarşı deyil: “ Hər bir xalq öz qədim adət-ənənləri ilə formalaşaraq, bu günə gəlib çatır, öz mədəniyyətini yaşatmağa çalışır. Hər bir millətin tarixində özünəməxmsus milli bayramları var. Bildiyimiz kimi islamda 2 əsas bayram var: Ramazan və Qurban. Bununla yanaşı millətin etnosundan, ənənəsindən irəli gələn bayramlar da mövcuddur. Bizim də çox qədim tarixə malik Novruzumuz var. Bu bayram islamdan öncə də bu ərazilərdə qeyd olunub. İslam dinin əmrlərinə zidd olmayan milli ənənləri qəbul edir”.
İlahiyyatçı əlavə etdi ki, Novruza aid bir çox ənənələr islamın mövqeyi ilə uzlaşır: “ Məsələn, sülh, barış çağırışları, küsülülərin barışması, bayramlaşma, böyüklərin, qohumların ziyarət edilməsi, evdə bişən təamların qonşularla paylaşılması və s. Amma Novruzun islamla toqquşan ənənələri də var. Məsələn, dinimizə görə hər cür fal haramdır. Yəni fala baxmadan və digər batil inancları qəbul etmədən, bir müsəlman olaraq, Novruzu qeyd etməyimizdə heç bir problem yoxdur. Biz Novruzla təbiətin oyanmasını qeyd edirik. Bu bayram bizim milli dəyərimizdir, ondan vaz keçə bilmərik. Əgər milli dəyələrimizdən üz çevirsək, bu zaman milli kökümüzdən uzaq düşərik”.