Peyğəmbərdən başqasına salavat düşmür? Qadın peyğəmbər olub?
Hədis də vəhy sayılırmı? Məhəmməd peyğəmbərin bilmədiyimiz möcüzələri...
“Müsəlmanların örnəyi Məhəmməd peyğəmbərdir. Biz dini doğru yaşamağı ondan öyrənməliyik. Odur ki, Allah rəsulunu yaxından tanımaq hər bir müsəlman üçün çox vacibdir”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Anar Səmədov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, Allah rəsulunu səhih mənbələrdən və doğru tanımaq da mühümdür: “ Günümüzdəki müsəlmanların peyğəmbəri yetərincə tanıdığını deyə bilmərik. Bu daha çox dini maarifləndirmə ilə bağlıdır. Harada maarifləndirmə yüksəkdirsə, orada yaşayan müsəlmanlar Allah rəsulunu daha yaxından tanıyırlar. Bəzi insanlar peyğəmbəri mifləşdirir, sanki nağılların, əsatirlərin qəhrəmanıdır. Bu cür yanlış yanaşma rəsulu insanlara əlçatmaz edir. Necə ki, bir zamanlar “Qurani-Kərim”ə qarşı belə bir düşüncə var idi. Onu parçaya büküb evin hündür yerində saxlayırdılar. Halbuki bu kitab əlçatmaz olmaq üçün gəlməyib. Əlçatan və oxunmaq üçün göndərilib. Eləcə peyğəmbərimiz haqqında demək olar. O bizim mifik qəhrəmanımız olmaq üçün gəlməyib. Örnək almağımız üçün seçilib. Biz ona “toxunmalı”, həyatını öyrənməliyik. Allah rəsulunun tövsiyyələri, yaşayışı ilə tanış olmalıyıq. Onun həyatı, təcrübəsi bizim üçün örnək təşkil etməlidir”.
A.Səmədov qeyd etdi ki, Allah müsəlmandan razı qalacağı bir həyat, yaşayış istəyir: “ Allahın istədiyi həyatın təcəssümü peyğəmbərin yaşayışıdır. Biz Allah rizası ilə yaşamağı ondan öyrənməliyik. Bu baxımdan peyğəmbərimizdən rəvayət olunan hədislər də böyük əhəmiyyət daşıyır. Düzdür “Qurani-Kərim”də dinimizə aid əsas məsələlərdən bəhs olunur. Ancaq təfsilatlı şəkildə deyil. Məsələn, “Qurani-Kərim”də Allah müsəlmanlara namaz qılmağı buyurur. Amma namazı necə qılacağımızdan bəhs olunmur. Biz bunu artıq hədislərdə öyrənirik. Eləcə də digər məsələləri qeyd edə bilərik. Əgər bütün mövzuların təfsilatı kitabda izah olunsaydı, o zaman “Qurani-Kərim” cild-cild kitab olardı. Bu baxımdan hədislər əslində “Qurani-Kərim”in izahıdır”.
İlahiyyatçı əlavə etdi ki, peyğəmbəri yaxından tanımaq üçün əsas mənbə hədislərdir: “ “Qurani-Kərim”də də peyğəmbərimizdən bəhs olunan ayələr var. Amma ətraflı deyil, geniş məlumat yoxdur. Allah rəsulunun həyatı hədislərdədir. Ona görə islamda hədislərin də xüsusi yeri və əhəmiyyəti var”.