Qarabağ müharibəsi cihad sayılırmı? Şəhidləri gözləyən ən böyük mükafat...
“Şəhid Cənnətdə o qədər böyük mükafat görər ki, yenidən dünyaya qayıdıb şəhid olmağı arzu edər”
“İslama görə vətəni sevmək imandandır. Bu deyimin hədis olduğunu bildirən tarixi mənbələr var. Eyni zamanda hədis deyil, bir fikir olduğu da deyilir. Ümumən deyimi izah etməyə çalışsaq, görürük ki, burada 3 ifadə -Vətən, sevgi, iman-vəhdətdədir. Bunlar bir-biri ilə bağlı kəlmələrdir”. APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin müdir müavini, ilahiyyatçı Ceyhun Əliyev "Yaşıl orta" verilişində deyib. O Vətən anlayışını izah edərək, bunun imanla bağlı olduğunu bildirib: “ Biz Vətən deyəndə nəyi nəzərdə tuturuq? Vətən bizim evimizdir, torpağımızdır, ayaq basdığımız yerlərdir. İslam dini valdeynlərə “ “uf” belə deməyin” buyurur. Biz Vətəni qorumaqla ata-anamızı qorumuş oluruq. “Qurani-Kərim”də namus anlayışı, insanın evi müqəddəsdir. Biz Vətəni qorumaqla həm də namusumuzu, evimizi qorumuş oluruq. Bu məfhumların qorunması Hz.Məhəmməd peyğəmbər tərəfindən iman kimi göstərilir, paralel apardığımız zaman Vətəni sevmək də imandandır”.
C.Əliyev qeyd edib ki, islam dinində əməllər niyyətlərə görədir: “Müzəffər əsgərlərimiz Vətəni qorumaq niyyəti ilə cəbhədədir və öldükləri zaman hər biri şəhid sayılır. Vətən uğrunda döyüşlərdə yaralanan əsgərlərimiz də böyük savab qazanırlar. Azərbaycan əsgəri öz torpağı uğrunda, namusu qorumaq üçün vuruşur. Onun heç kimin torpağında gözü yoxdur. Əlinə silah alıb döyüşən əsgərimiz öz torpağını, ona aid olanı geri almaq üçün savaşır. Ona görə də savaşımız haqq savaşı, bizim işimiz haqq işidir. Döyüşərkən belə hərb ədəb-ərkan qaydalarına riayət edən bir ordumuz var. Biz düşmənin mülki şəxslərini hədəfə almırıq. Bunun əksinə olaraq, düşmən son günlərdə 6 mülki vətəndaşımızı öldürdü. 29-a yaxın yaralı mülki vətəndaşımız var. Erməni mülki şəxslərin yaşadığı binaları hədəfə alır. Ordumuz isə bizə silah tuşlamış erməni hərbçiləri ilə savaşır”.
İlahiyyatçı şəhidin mükafatı haqqında da geniş məlumat verdi: “Hətta şəhidin valideynləri üçün də savab var. Çünki o şəhidi yetişdirən ata-anasıdır. “Qurani-Kərim”də buyrulur ki, hər can, hər nəfs ölümü dadacaq. Amma ölümdən ölümə fərq var. Şəhidlər ən şərəfli ölümlə mükafatlanırlar. Allah şəhidi nəinki axirətdə, dünyada da elə bir izzətə, şərəfə nail edir ki, ailəsi, yaşadığı şəhər, rayon, kənd üçün artıq bir dəyərə çevrilir. Bu dünyanı tərk edib getməsinə baxmayaraq, bu dünyada da dəyər qazanır. Birdə axirətdə böyük mükafatı var. Alimlər bildirir ki, şəhidi insanın hətta təsəvvür edə bilməyəcəyi qədər böyük mükafat gözləyir. Onların məqamının yüksəkliyini biz təsəvvür edə bilmərik. Peyğəmbərimizdən şəhidlərlə bağlı rəvayət olunan hədislərdə buyurlur ki, şəhidin qanı yerə dəyən zaman günahları silinər. Onlar Cənnətlə müjdələnə insanlardır. Yalnız şəhidlər öldükdən sonra bu dünyaya geri qayıtmaq istəyərlər. Bu sadəcə şəhidlərə aiddir. Heç kəs Cənnətə daxil olduqdan sonra geri qayıtmaq istəməz. Amma şəhidlər Allahdan o qədər mükafat görərlər ki, yenidən dünyaya gəlib şəhid olmaq istəyərlər”.