Sədəqənin düşər-düşməzi varmı? Niyyət edilən qurbanı kəsməyəndə Allah cəzalandırır?
Kəlmeyi-şəhadəti bilməyən müsəlman sayılırmı?Ateist tövbə edə bilər?
“Allahla ilk əhdi biz hələ dünyaya gəlmədən əvvəl, ruhlar aləmində Rəbbimizlə bağlamış oluruq. İkinci əhdimiz isə Allahın dinini qəbul etdiyimiz an bağlanır. Yəni Allahdan başqa heç bir ilahın olmadığını, Hz. Məhəmməd peyğəmbərin Onun qulu və rəsulu olduğunu qəbul etdiyimiz zaman bağlanır”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Nurlan Məmmədzadə "Yaşıl orta" verilişində deyib. O bildirib ki, insan kəlmeyi-şəhadəti dediyi an Allahla əhd bağlamış olur. İlahiyyatçının sözlərinə görə, biz kəlmeyi-şəhadətlə əslində ruhlar aləmində Rəbbə verdiyimiz andı yeniləyirik.
N.Məmmədzadə qeyd etdi ki, dünyaya gələn hər insan islam fitrəti üzrə doğulur: “ İnsan doğulmadan öncə, ruhlar aləmində Allahla əhd bağladığı üçün dünyaya müsəlman olaraq gəlir. Sonradan onu ata-anası yəhudidirsə yəhudi, məcusidirsə məcusi edər. Müsəlman doğulan və kəlmeyi-şəhadəti təsdiq edən hər kəs Allahla əhd bağlamış sayılır. Biz Allahın varlığına inanır, Hz. Məhəmmədin peyğəmbərliyini qəbul edir, onun Allahdan gətirdiklərinə iman etdiyimiz zaman Rəbbimizə söz vermiş oluruq. Söz veririk ki, ey Rəbbim, mən səndən başqa ilah olmadığını, hər şeyin sahibinin sən olduğunu qəbul edirəm. Eləcə də biz bu əhdə sadiq qalmağın məsuliyyətini daşıyırıq”.
İlahiyyatçı “Qurani-Kərim”də bəhs olunan əhdi pozanlar haqqında da ətraflı məlumat verdi: “Ümumi və xüsusi mənada Allahla bağladığımız əhdlər var. İnsan öz nəfsi ilə baş-başa qalanda Allaha müəyyən sözlər verir, bəzi öhdəlikləri öz üzərinə götürür, etdiyi günahlardan tövbə edir. Bu mənada tövbə də bir əhddir. Allaha verdiyimiz sözlərə əməl etməyəndə də əhddən dönmüş sayılırıq. Həmçinin insan Rəbbin əmrlərinə, imana xələl gətirən hər hansı bir addımı atdığı zaman da Allaha verdiyi sözündən dönmüş olur. Odur ki, bir qul olaraq, biz gücümüzün yetdiyi nisbətdə Allaha verdiyimiz əhdə daim sadiq qalmalıyıq”.
N.Məmmədzadə əlavə etdi ki, biz hər hansı bir arzunun həyata keçməsi üçün qurban niyyət etməyimiz də bir əhddir: “Biz qurban kəsməyi niyyət etməklə, bu öhdəliyi Allah qarşısında qəbul edirik. Birmənalı olaraq, bu da bir əhddir. İnsan əhd edir ki, bu qurbanı kəsəcəyəm. Bilərək qurbanı kəsmədiyi halda əhdinə xilaf çıxmış olur. Amma maddi imkansızlıq səbəbindən niyyətini həyata keçirə bilmirsə, əhdinə xilaf çıxmış sayılmır, imkan olan zaman mütləq kəsmək məcburiyyətindədir”.