Şiə-sünni vəhdəti necə mümkündür? Müsəlman məzhəbsiz ola, məzhəbdən imtina edə bilərmi?
Məzhəb fərqliliyi vəhdətə mane ola bilərmi? Ortaq məzhəb ideyası...
“İslam vəhdət dinidir. İslam həm sağlıq-salamatlıq, həm də vəhdət deməkdir. Bu gün müsəlmanların, islam dünyasının ən çox müzakirə etdiyi mövzulardan biri də vəhdətdir. Amma ziddiyyət ondadır ki, ən çox danışılan mövzu vəhdət olsa da, ən az nəticə də bu sahədədir”. APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, ilahiyyatçı Gündüz İsmayılov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, vəhdət islamda geniş mövzulardan biridir: “ Təəssüflə etiraf etməliyik ki, bu gün müsəlman dünyasının vəhdətlə bağlı gördüyü işlər nəinki qaneedici deyil, vəhdətlə bağlı gəlmək istədiymiz nəticə bəzən təəssüf hissi doğurur. Bu sahədə hazırkı vəziyyət insanda hətta bədbinlik də yarada bilir. İslamın vəhdətə münasibətinə gəlincə isə, birinci ana qaynaqlarımıza- “Qurani-Kərim”ə və peyğəmbərimizin hədislərinə baxmalıyıq. Allahın kitabında vəhdət budur deyə konkret bir anlayış yoxdur. Amma mövzu ilə bağlı kifayət qədər ayələr var. Yaradanın kəlamında vəhdət açıq bir şəkildə göstərilib”.
G.İsmayılov “Qurani-Kərim”də vəhdətdən bəhs olunan ayələri də misal çəkərək, izah etdi: “ Allah “Əli İmran” surəsinin 103-cü ayəsində belə buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” Rəbbimiz hamılıqla Allahın ipinə sarılmağımı bildirir. Allahın ipi “Qurani –Kərimdir”sə, deməli vəhdətin predmeti artıq məlumdur. Deməli bütün müsəlmanları birləşdirən meyar Allahın göndərdiyi kitabdır. Biz bu kitabı qəbul ediriksə, deməli vəhdət üçün ilkin şərt var. Həmin ayənin davamı belədir: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz”. Ayənin məntiqi nəticə budur ki, Allahın neməti, lütfü olan “Qurani-Kərim” birləşməyimiz üçün bir vəsilədir. Yaradan ayədə buyurur ki, Allahın ipindən möhkəm sarılın. Buradakı “sarılın” feli tövsiyyə deyil, əmrdir. Yəni vəhdət olmağımız, vəhdət nümayiş etdirməyimiz Yaradanın bizə tövsiyyəsi yox, əmridir. Bu müsəlmanların borcudur, vəzifəsidir. Odur ki, vəhdət üçün çalışmalı, yeri gəldikdə bunun üçün müəyyən güzəştlər də edə bilməliyik”.
İlahiyyatçı qeyd etdi ki, ayənin izahı vəhdətin nəzəri tərəfidir, praktikaya gəlincə isə, vəziyyət xeyli fərqlidir: “ Vəhdətlə bağlı müxtəlif fikirlər var. Bəziləri düşünür ki, vəhdət üçün məzhəblərdən imtina etməliyik. Amma praktiki baxımdan bu mümkün deyil. Biz istəsək də, istəməsək də məzhəblər artıq var. Məzhəblərdən imtina etməklə bağlı çağırışlar pafosdan başqa bir şey deyil. Bu bir reallıqdır. Məzhəbiniz oradək yoxdur ki, siz ibadət etmirsiniz. Namaza başlayacaqsınızsa, mütləq bir seçim etməlisiniz. Bu bir gerçəkdir ki, praktikada artıq məzhəblər var. Problem necə həll olunmalıdır? Müsəlmanın məzhəbi ola bilər. Önəmli olan odur ki, müsəlman məzhəbçilik etməsin. Təəssübkeşlik etdiyi halda da bir sərhəddi olsun”.