Muğam ifaçısı azan oxuya, Quran qiraət edə bilərmi? Azanın oxunuşunu dəyişmək olarmı?
Quran qiraətində hansı muğamlardan istifadə olunur? Quran məktəblərinin fərqi...
““Qurani-Kərim”in müxtəlif mənaları var. Bu mövzuda danışan zaman çox vaxt belə bir sual yaranır? “Qurani-Kərim” özü nə deməkdir? Müqəddəs kitabımızın ən məşhur mənası elə qiraətdir”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Fərid Abdulla "Yaşıl orta" verilişində deyib. Quran qiraəti və Quran məktəblərindən bəhs olunan verilişdə qari Hacı Rəşad Ataşov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçılara ətraflı məlumat verib. F.Abdulla bildirib ki, Quran qiraəti dedikdə, Allah tərəfindən peyğəmbərimizə nazil olan kəlamların həm fərdi qaydada, həm də insanlara oxunması başa düşülür: “Quran qiraətinin müxtəlif oxunuşları var. Allah müqəddəs kitabda buyurur ki, Quranı tərtil şəkildə oxuyun. Əsas 4 qiraət növü var. Bunlardan biri də Quranı tərtillə oxumaqdır. Ən geniş yayılan da qiraətin bu növüdür. Quran qiraətinin düzgün şəkildə çatdırılması üçün müxtəlif üslüblar, oxunuş tərzləri var”.
F.Abdulla qiraətin müxtəlifliyi haqqında da məlumat verib: “Bu gün müxtəlif islam ölkələri var və bu ölkələrdə Quran fərqli şəkildə, fərqli səpkidə qiraət olunur. Səs üzərində oxunuşla bağlı qari Rəşad Ataşov məlumat verəcək. Mən isə qiraət məktəblərinin müxtəlifliyi haqqında danışmaq istəyirəm. Müxtəlif Quran məktəbləri var və bu məkətblər qiarətinə görə fərqlənir. Belə bir fərqliyin olması isə təbii haldır. Çünki dil eyni olsa da, bir dilin müxtəlif ləhcələri mövcud olur. Hətta ərəb deyil, elə öz dilimizi götürək. Dilimizin bölgələrə, rayonlara görə fərqli ləhcələri, şivələri var. Ərəb dili də belədir. Məsələn, İraq Quran məktəbinin özünəməxsus qiraəti var. İraqlılar ərəb olsa da, onların da bölgədən bölgəyə dəyişən ləhcələri, danışıq tərzləri var. Bu da istər-istəməz qiraətin oxunuşuna təsir edir, fərqlilik yaradır”.
İlahiyyatçı qiraət fərqliliyinə misal olaraq, Hz. Məryəmlə bağlı ayəni də misal çəkib: “ Ayədə Allah Hz. Məryəmə buyurur ki, ağacı tərpət, oradan yeni, yetişmiş xurmalar düşsün. Bir qiraətin oxunuşuna görə, xurmalar bir-bir düşəcək. O biri qiraətə görə, xurmalar tez-tez ardıcıl düşəcək. Yəni ayənin məzmununda fərq olmur, mahiyyət olaraq eyni oxunur. Bu cür müxtəliflik səhv sayılmır, qiraət məktəblərinin fərqliliyindən qaynaqlanır”.
Verilişdə iştirak edən qari R. Ataşov isə dünyanın tanınmış Quran məktəbləri haqqında məlumat verib: “Qiraətin əsas məktəbi kimi hər zaman Misir məktəbi götürülüb. O məktəbdən məşhur qarilər çıxıb. Misir məktəbinə üstülük verilməsinin təəssübkeşliklə bir əlaqəsi yoxdur. Bunun əsaslı səbəbləri var. Bu məktəbin üstünlüyü Misir məqamları ilə də bağlıdır. Çünki Quran Misir məqamları ilə oxunduğu zaman nəfəslər qiraətin düzgünlüyünə xələl gətirmir. Bizim muğamlarla oxunduğu zaman isə qiraətdə təhrif olur. Bu isə əsasən boğazlarla bağlıdır. Bəzi boğazlar var ki, qiraətdə istifadə oluna bilməz”.
R.Ataşov əlavə edib ki, muğam növləri ayələrin məzmumuna uyğun seçilir: “Quranda yalvarış, cəzalandırma kimi müxtəlif məzmunlu ayələr var. Məsələn, Allahın qəzəbindən bəhs olunan ayələri oxuduğumuz zaman adətən rast məqamını, “Rabbənə” olan ayələr üçün isə bir başqa məqam seçirik. Bu ayənin məzmunundan asılıdır”.