İslama görə ən zalım kimdir? Tövbəsi olmayan günah varmı?

Allah zalıma bu dünyada hansı cəzanı verir?

 

 “Zülm geniş bir mövzudur. Qısa tərif etsək, zülm bir şeyin öz yerində olmaması deməkdir və bu bütün sahələri ehtiva edir”. APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Bəhruz Camal "Yaşıl orta" verilişində deyib. O bildirib ki, zülmün əksi isə ədalətdir: “Bu baxımdan ədalət hər bir şeyin öz yerində olması deməkdir.  Bunun ziddi zülmdür. Onu da qeyd etməliyik ki, zülm təktərəfli olmur. Zalım bir nəfərdirsə, zülmə məruz qalan  adətən 2 və daha çox şəxs olur.  “Qurani-Kərim”də özü-özünə zülm edənlərdən də bəhs olunur. Dini mətnlərə görə, ən çox zülmə məruz qalan isə elə zalımın özüdür”.

 

B.Camal zülmün qul haqqına daxil olması haqqında da məlumat verdi: “ Zülm edən qarşı tərəfin qul haqqına girmiş olur. “Qurani-Kərim”in mətnində, həmçinin hədislərdə Allahın müəyyən mənada öz haqqından keçəcəyi bildirilir. Amma qul haqqının bağışlanmasına dair müəmmalar var. Birinə zülm etdiyimiz zaman həm peşman olub tövbə etməli, həm də zülmə məruz alan şəxsdən razılıq, halallıq almalıyıq”. 

 

İlahiyyatçı Allahın ən zalım adlandırğı şəxslərdən də bəhs edib: “ “Nisa” surəsinin 110-cu ayəsində belə buyrulur: “Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər”. Davamındakı 2 ayə də bu mövzudadır. Öncə özü-özünə zülm edənlərin kim olduğuna baxaq. Əslində birinə zalımlıq edən müəyyən mənada  özü-özünə zülm etmiş olur. Eyni surənin 111-ci ayəsində isə belə bildirilir: “Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!”  Ayənin mətnində  buyrulur ki, kim zülm edirsə, pislik özünə qayıdır. İnsan elə düşünməsin ki, pis iş görməyi, günaha meyllənməyi,  günahın təsiri ancaq qarşı tərəfədir. Belə deyil, etdiyi zülmün ikinci təsirinə özü məruz qalacaq. Ayələrdən belə başa düşülür ki, hər kəs pis bir iş görsə belə, Allah tövbəni gecikdirməməyə təşviq edir. Vaxtında tövbə edərsə, Allahın  rəhimli sifətini görər. Yəni bağışlanar. Başqa bir ayədə isə buyrulur ki, günah edən şəxs elə fikirləşməsin ki, günahı cəzasız qalacaq. Bu ayələrdə Allah günahın fərdi və  ictimai təsirlərindən, həmçinin günaha görə məsuliyyətdən danışır. Eləcə də Yaradan bizi təşviq edir ki, nə qədər günaha batsaq da, tövbəni unutmayaq. Tövbə etməyəcəyimiz təqdir də isə Allah cəzanın olacağını xatırladır”.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR