Bəşəriyyət bacı-qardaşdan törəyib, yoxsa Allah Adəm və Həvvadan başqa üçüncü insanı da yaradıb?

 

 Quranda Təkamül nəzəriyyəsini təsdiq edən ayələr var?

 

“İnsan tək meymuna deyil, soxulcana da genetik yaxındır”

 

“İnsanın yaradılışı “Qurani-Kərim”də izah olunur. Allah “Taha” surəsinin 55-ci ayəsində belə buyurur: “Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq”. Torpaqdan, gildən yaradıldığımıza dair başqa ayələri də misal çəkə bilərik”.

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ramiq Vəliyev "Yaşıl orta" verilişində deyib. İnsanın, kainatın yaradılışından bəhs olunan verilişdə araşdırmaçı bioloq Rövşən Əkbərov da iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçılara ətraflı məlumat verib. R.Vəliyev bildirib ki, insanın yaradılışının dəlilləri elə “Qurani-Kərim” ayələridir: “ “Səcdə” surəsinin 7-9-cu ayələrində belə bildirilir: “O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!” Bu ayələrdə Rəbbimiz insanın yaradılışından bəhs edir. İnsanın torpaqdan yaradılışını inkar edən Təkamül nəzəriyyəsi isə bütün canlıların ortaq əcdaddan törədiyini iddia edir. Bu nəzəriyyəyə görə ilk canlı suda təsadüfən yaranıb, sonra artaraq quruya keçid edib. Dini mənbə isə Allahın canlıları bir anda yaratdığını bildirir. Bu mövzunu islama görə izah etmək üçün dinimizin əsas qaynağı olan “Qurani-Kərim”ə baxmalıyıq. Ayələrdəki izahı əsas götürsək,  canlılar təkamüllə deyil, bir anda yaranıb”.

 

Araşdırmaçı bioloq Rövşən Əkbərov isə qeyd edib ki, “Qurani-Kərim”də insanın ana bətnindəki inkişaf mərhələlərindən də bəhs olunur: “ Allah 16-cı və 23-cü surənin ayələrində insanı necə yaratdığını izah edir. Bəziləri bu ayələri təkamül prosesinin bir nümunəsi kimi başa düşsə də, əslində belə deyil. Ayədə buyrulur ki, Allah insanı nütfədən yaratdı, daha sonra nütfədən laxtalanmış qan,  o qandan bir parça ət, o bir parça ətdən sümüklər yaratdı, sonra da sümükləri ət ilə örtdü. Rəbbimiz bu ayələrdə insanın ana bətnində yaranmasından bəhs edir. İnsan öncə bir damla sudan, yəni spermdən yaranır, sonra qan, ət, sümüklər əmələ gəlir və ardınca da digər inkişaf mərhələləri baş verir. Əslində bu cür izah Allahın möcüzələrindən biridir. 1400 il öncə Rəbbimiz kitabda insanın yaradılışını necə bildirirsə,  bu gün elm də eynilə bu cür izah edir. Ayələrdəki təsvir elmlə də izah olunan həqiqətlərdir. Qeyd etmək istəyirəm ki, bir az öncə səsləndirdiyim ayələr insanın ana bətnindəki inkişaf mərhələsidir, təkamüllə əlaqəsi yoxdur. Təkamül nəzəriyyəsinin tamamilə fərqli iddiları var”.  

R.Əkbərov əlavə etdi ki, Təkamül nəzəriyyəsinə görə, canlılar kor-təbii şəkildə yaranıb: “ Bu nəzəriyyə tərəfdarları iddia edir ki, bir canlı təkamül edərək, başqa bir canlıya çevrilir. Halbuki başqa bir canlıya çevrilmək üçün genlərdə dəyişikliyin olması lazımdır. Darvin özü deyir ki, faydalı dəyişikliklər baş vermədikcə, təbii seçmə heç nə edə bilməz.  Ona görə neodarvinistlər Darvindən sonra ikinci bir mexanizm ortaya atırlar ki, bu mutasiyadır. Təbii seçmə canlını sadəcə seçir, amma onu dəyişdirmir. Neodarvinistlər deyirlər ki, canlını dəyişən mutasiyalardır. Ancaq  burada belə bir nüans var ki, mutasiyaların 90 faizi zərərli, ən yaxşı halda isə təsirsizdir. O zaman ən yaxşı halda təsirsiz olan bir mexanizm canlını necə dəyişdirə bilər? Həmçinin mutasiyalar canlıya yeni informasiyalar əlavə etmir. Darvinizmə görə sürünənlər daha sonra uçan quşlara çevriliblər. Sürünənin uçması üçün həmin o canlının genlərinə qanad informasiyası əlavə olunmalıdır. Halbuki  mutasiya canlılara heç bir yeni informasiya əlavə etmir. Bu nəzəriyyə tərəfdarları genlərə yeni informasiya əlavə edən bir mutasiya nümunəsi təqdim edə bilmirlər.  Bu isə o deməkdir ki, Təkamül nəzəriyyəsi növlərin müxtəlifliyini, yeni növlərin əmələ gəlməsini əslində izah edə bilmir”.

Bioloqun sözlərinə görə, növlərin müxtəlifliyi islama görə izah olunur: “ Allah “Qurani-Kərim”də buyurur ki, kainatı, canlıları sadəcə “ol” deməsi ilə yaradıb. Bunu paleontoloji qalıqlar da isbat edir. Məsələn, təxminən 500 milyon il əvvəl baş verən Kembri partlayışında 50 canlı tipi birdən birə meydana gəlib. Bəzilərinin növü kəsilsə də, 35 canlı tipi günümüzədək gəlib çıxıb”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR