İnformasiya qida ilə necə ötürülür? Üzüm halaldırsa, niyə üzümdən çəkilən içki haramdır?

Donuzun özü, yoxsa əti haramdır? Qida insanın həyatını necə dəyişdirir? Donuzla insan əti arasında hansı eynilik var?

 

“ Uzun illər qida ilə bağlı 2 nəzəriyyə mövcud olub. Bunlardan biri fizioloji, digəri isə bu gün də qida sənayesində tətbiq olunan balanslaşdırılmış qida nəzəriyyəsidir. Bu nəzəriyyə görə, qida bədən qurmaq üçün sadə dil ilə desək, kərpiclər və enerjidən ibarətdir. Hər iki nəzəriyyə ilə kulinariya ilə bağlı bir sıra suallara cavab tapmaq olmurdu. Mən axtardığım cavabları “Qurani-Kərim”i araşdırarkən tapdım”.

 

APA TV-nin məlumatına görə, bunu Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov "Yaşıl orta" verilişində deyib. “Qurani-Kərim”ə əsaslanan qida nəzəriyyəsinin müzakirə olunduğu verilişdə nəzəriyyənin müəllifi T. Əmiraslanovla yanaşı ilahiyyatçı Samir Əzizov da iştirak edib. Hər iki qonaq düzgün və halal qidalanma ilə bağlı tamaşaçılara ətraflı məlumat verib. T. Əmiraslanov bildirib ki, müqəddəs kitabda düzgün qidalanma ilə bağlı kifayət qədər əhatəli məlumat var: “ “Qurani-Kərim”ə əsaslanan qida nəzəriyyəsinə görə qida yalnız bədən qurmaq üçün kərpiclər və enerji deyil, həm də məlumatdır. Hər bir qida tərkibindəki zülal və karbohidratdan başqa həm də informasiya daşıyır. Araşdırmalar göstərir ki, yaddaşı daha çox saxlayan sudur, qidanın tərkibində məlumatı ötürən də sudur. Bunu biləndən sonra qida ilə bağlı bir sıra məsələlər açıqlanmağa başladı və mən yenidən “Quran”ı araşdırdım. Nəticədə belə bir  qənaətə gəldim ki, mənim indiki elmi nailiyyətlərlə açıqladığım,  ortaya qoyduğum nəzəriyyə tamamilə “Qurani-Kərim”də var imiş, sadəcə bu kitabı diqqətlə oxumaq lazım idi. 2008-ci ildə Rusiya İqtisadiyyat Akademiyasında qidanın tərkibində ötürülən informasiyanın miqdarını ölçə bildilər və bu nəzəriyyə təcrübə ilə də təsdiqləndi”.

 

Onun sözlərinə görə, qidalanma insanların həyat tərzinə də təsir göstərir: “ Əvvəllər insanlar daha çox geyinirdilərsə, indi daha çox soyunmağa ehtiyac yaranıb. Çimərlik kostyumları gödəlib, vəhşi çimərliklər yaranıb. Bunun səbəbi də qida faktorunun dəyişməsi ilə bağlıdır”.

 

T.Əmiraslanov dinin haram etdiyi qidalar haqqında da fikir bildirib: “ İslam qidaya çox düzgün yanaşma tərzinə malikdir. Allahın yaratdığı hər bir şeyin öz yeri və gözəlliyi var. Rəbbimiz gözəl olmayan və lazımsız heç nəyi yaratmayıb.  Biz öncə haramla murdarı bir-birindən ayırmağı bacarmalıyıq. Qadağan olunan qidalardan biri də donuz ətidir. Amma donuzun bir canlı olaraq təbiətdə öz yeri var. Qida nəzəriyyəsinə görə də donuzu yemək olmaz. Səbəbi bu heyvanın bədənindəki informasiyadır. Donuz insan bədənindəki informasiyaya təxminən bərabər məlumat daşıyır. Ondan başqa heç bir heyvanın bətnində insan hüceyrəsi yetişmir”.

 

İlahiyyatçı S.Əzizov da bildirdi ki, islama görə halal və haram qidalar məlumdur: “ Amma bu halal-haram prinsipinə də doğru yanaşmaq lazımdır. Bəzi müsəlmanlar əti haram olduğu üçün donuza qarşı bir ikrah hissi bəsləyirlər. Ancaq unutmamalıyıq ki, donuzu da Allah yaradıb və hər bir canlının təbiətdə xüsusi rolu var. Əgər donuzun nəsli tamam məhv olarsa, təbiətin bir nizamı pozular. Doğrudur, bu heyvanın əti və tükü nəcis hökmündədir. Yəni hətta toxunmaq belə olmaz. Şəriətə görə, bir müsəlman ona toxunubsa, təmizlənməlidir. Amma bu o demək deyil ki, biz müsəlman olaraq donuza nifrət etməli, ikrahla yanaşmalıyıq”.

 

S.Əzizov əlavə edib ki, haram qidalarla bağlı da dində xüsusi bir qeydlər var: “ “Qurani-Kərim”in “Bəqərə” surəsinin 173-cü ayəsində belə buyrulur: “O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” Bu ayəyə əsasən əgər insan acdırsa, ətrafında da başqa qida yoxdursa, ölüm təhlükəsi yaşayırsa, acından ölməmək üçün haram qidaları, o cümlədən də donuz ətini yeyə bilər. Lakin həddi aşmadan qidalanmalıdır. Yəni sağ qalması üçün yetərli miqdarda qəbul edə bilər”.

 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR