Niyə müsəlmanlar Nobel mükafatı ala bilmir? Mirzə Cəlil, Sabir, Axundov ateist olub?
VIII-XIII əsrlərdə elmi kəşflər, ixtiralar edən islam dünyası nə üçün sonrakı dövrlərdə elmi inkişafdan geri qaldı?
“İslamın elmə münasibətinə aydınlıq gətirmək üçün əsas dini qaynaqlara nəzər yetirməliyik. Ümumiyyətlə, din ilə bağlı fikir yürüdərkən sağlam ağıldan sonra, “Qurani-Kərim” və sünnəyə müraciət edilməlidir. Ağıl Allahın insanlara bəxş etdiyi nemətdir. Mən ilahiyyatçı olaraq, “Qurani-Kərim” və sünnə baxımından mövzuya yaxınlaşmaq istəyirəm. İslamın əsas qaynağı sayılan müqəddəs kitabımızda kifayət qədər elmə dəyər verilir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru İlqar İsmayılzadə "Yaşıl orta" verilişində deyib. İslam və elm mövzusunun müzakirə olunduğu verilişdə filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayeva da iştirak edib. Hər iki qonaq dinin elmin inkişafına təsiri, islam dünyasındakı durğunluqla bağlı fikirlərini bölüşüblər. İ.İsmayılzadə bildirib ki, “Qurani-Kərim”də elmə, oxumağa, öyrənməyə təvşiq edən çoxsayda ayələr var:“ “Quran”ın ilk surəsi “Ələq”dir. Bu surə oxu əmri ilə başlayır: “Yaradan Rəbbinin adı ilə oxu!” Bildiyiniz kimi elm oxumaqla başlayır. Elə bu islamın elmə münasibətinin göstəricisidir. Digər çox aydın və sadə ayələrlə də “Qurani-Kərim” elmi dəstəkləyir. Ayələrin birində belə bildirilir ki, sizcə, bilənlərlə bilməyənlər bərabərdirmi? Ağıl sahibləri çox gözəl başa düşür ki, bilənlərlə bilməyənlər heç vaxt eyni ola bilməz. Başqa bir ayədə isə uca Yaradan buyurur ki, Allah sizdən iman əhli olanları və elm sahiblərini dərəcə-dərəcə yüksəldir. Bu ayələrin batini mənasını axtarmağa ehtiyac yoxdur. Şəffaf şəkildə göstərilir ki, “Quran” elmə nə qədər əhəmiyyət verir”.
İlahiyyatçı əlavə edib ki, başqa ayələrdə də alimlər təriflənir, elmə xüsusi qiymət verilir: “Bu “Quran”ın elmə yanaşmasıdır. Peyğəmbərimiz buyurur ki, elm Çində də olsa, onu əldə etməyə çalışın. Digər hədisdə rəvayət olunur ki, elmi öyrənmək bütün müsəlmanlara fərzdir. Yəni hər bir müsəlmana gün ərzində ibadətlə məşğul olduğu, namaz qıldığı kimi elm də öyrənməsi vacibdir. Açıq şəkildə elmlə məşğul olmaq tövsiyyə edilir və elm dəstəklənir”.
İradə Musayeva qeyd edib ki, bizim yaşadığımız, Allahın yaratdığı bu dünya özü elmlə qurulub: “İnsanın fizioloji quruluşundan tutmuş hər bir canlı, hər şey elmə əsaslanır. “Quran”nın 750 ayəsində Allah insanlara yaratdığı dünyanı ağıl və elm ilə öyrənməyi tövsiyyə edir. Yaradan ağıl və şüurla davranmağı tələb edir. İslam elmi dəstəkləyir. Bəs nə üçün bu gün müsəlman ölkələri elmi inkişafdan geri qalır? Əlbəttə ki, bunun ictimai-siyasi səbəbləri də var. Başqa bir səbəb isə müsəlman dünyasının əsl islamdan üz çevirməyidir. Din adamları “Quran”ın fəlsəfəsini deyil, daha çox şəriət qanunları ilə məişət həddində öyrətməyə, təbliğ etməyə çalışırlar. Halbuki bu kitabda astronomiya, fizika, coğrafiya və digər elmlər var. Hətta uşağın ana bətnində inkişaf mərhələsi izah olunur”.
Tənqidçinin sözlərinə görə, müsəlmanların “Quran”a yanaşması qaneedici deyil: “ “Quran” deyəndə daha çox yas məclisləri yadımıza düşür. İnsanlarda elə xof yaradırlar ki, “Quran”a əl vurmaq olmaz, “Quran”dan ancaq din adamları danışa bilər. Biz “Quran”ı elmi cəhətdən öyrənmirik, fəlsəfəsini bilmirik. Dünyada islamı elmi cəhətdən araşdıran 20 ölkənin siyahısı tərtib olunub. Yeni Zellandiyanın başçılıq etdiyi həmin siyahıda bir islam ölkəsinin adı yoxdur. Odur ki, müsəlmanların “Quran”a yanaşma ahəngi məni qane etmir”.