Namaz qılmayan oruc tuta bilərmi? Hansı yolçuluq səfər sayılır? Oruc tutan dərman içə, iynə vurdura bilər?

Namaz yoxsa, oruc ibadəti daha önəmlidir?

 “İslamda 30-31 günlük oruc hicrətin 2-ci ilində, yəni Miladi təqvimi ilə 624-cü ildə vacib buyrulub. O vaxtadək müsəlmanlar qeyri-sistemli şəkildə ayın müəyyən günlərində oruc tuturdular. Lakin 30 günlük oruc məhz Ramazan ayında Mədinədə fərz buyurub”.  

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Elvüsal Məmmədov "Yaşıl orta"  verilişinin Ramazan buraxılışında deyib. O bildirib ki, Ramazan orucundan öncə də müsəlmanlar oruc tuturdular: “Ərəbistan yarımadasında o dövrdə müxtəlif dinlər var idi. Bunlardan tövhid dininə ən yaxını həniflik sayılırdı. Həniflik İbrahim peyğəmbərin dininin qalıqları idi. Ərəblər arasında müəyyən şəxslər Allaha daha doğru şəkildə tapınaraq, ibadət edərək həmin dini qoruyub saxlamışdılar. İslam gələnədək, Allah Raramazan orucunu vacib edənədək müsəlmanların tutduğu oruc məhz həmin həniflliklə bağlı orucdur”.

 

E.Məmmədov əlavə edib ki, oruc namazdan sonra vacib buyrulan ibadətdir: “Namaz meracda, oruc isə hicrətdən sonra fərz elan edilib. Allah ibadətləri müəyyən ardıcıllıqla göndərib. Həmin ardıcıllıqda bizim bildiyimiz və bilmədiyimiz hikmətlər var. Düşünürəm ki, oruc namazla müqayisədə daha məşəqqətli, çətin ibadət olduğu üçün ərəb cəmiyyətinin müsəlman icmasına hazırlıq üçün vaxt lazım idi. Yəni orucun namazdan sonra buyrulması məşəqqətli ibadətə hazırlıqla bağlıdır. İbadətlərdən hansının daha mühüm olmasına gəlincə isə, hərəsinin öz əhəmiyyəti var.  Namazın insana göstərdiyi təsiri oruc verməyə bilər. Yaxud da əksinə deyə bilərik”.

 

İlahiyyatçı orucun kimlər üçün fərz olduğuna dair də geniş izahat verib: “Bu ibadəti müsəlman olan hər kəs yerinə yetirməlidir. Bir insanın müsəlman  sayılması üçün kəlmeyi-şəhadəti inanaraq, səmimiyyətlə deməsi lazımdır.  Kəlemeyi-şəhadət nədən ibarətdir? Yəni mən  təsdiq edirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun elçisidir. Bu bizim islama daxil olmağımız, müsəlman sayılmağımız üçün şərt olan açardır. Müsəlman olduğumuz üçün də namaz qılmasaq belə oruc tutmağımız mümkündür. İslamda namaz qılmamağa görə ayrıca cəza, oruc üçün isə mükafat var. Belə yanlış fikirlər də var ki, namaz qılmayan oruc tuta bilməz. Bu cür iddia tamamilə yanlışdır. Azərbaycanda namaz qılmayan müsəlman çoxdur, amma Ramazanda həmin namaz qılmayan kütlənin həvəslə, səmimiyyətlə, Allaha bağlılıqla oruc tutduğunun şahidi oluruq. Bu insanlara namaz qılmırsınızsa, oruc da tutmayın necə deyə bilərik? Əvvəla bu zaman dinin əsasına müxalif hərəkət etmiş oluruq. Çünki islamda belə bir qayda yoxdur. İkincisi isə biz oruc vasitəsi ilə ilahi təlimlərə isinən müsəlmanlara bu cür  qadağa qoymaqla onları dindən uzaqlaşdırmış oluruq. Bəlkə insan oruc tutmaqla elə bir mənəvi hisslər yaşayacaq ki, Ramazandan sonra namaza başlayacaq. Bu baxımdan namaz qılmayana orucu qadağan etmək dini baxımdan doğru deyil”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR