Oruc tutanın yanında yeyib-içmək günah sayılırmı? Siqaret orucu pozur?
İbadətin mahiyyəti: Tək ac-susuz qalmaq oruc üçün yetərli deyil!
“Oruc Allahın əmr etdiyi digər ibadətlərdən çox fərqlidir. Daha çox səmiyyət tələb edir. Yalnız ac-susuz qalmaq bu ibadət üçün yetərli deyil. Düzdür, oruc tutan imsakdan iftaradək yeyib-içməməlidir. Lakin qadağa yalnız qidaya aid deyil. Müsəlman oruc halında bu ibadəti batil edən digər əməllərdən də çəkinməlidir”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı hacı Fuad Pənahlı "Yaşıl orta" verilişinin Ramazan buraxılışında deyib. O bildirib ki, eyni zamanda orucun əxlaqi tərəfləri də var: “Həm maddi, həm də mənəvi olaraq qadağalar var. Bunlar orucun mahiyyətini əks etdirən məsələlərdir. Oruc yalnız mədənin aclığından ibarət deyil. Hədislərdə bildirilir ki, insanın gözü də oruc olmalı, Allahın haram buyurduqlarına baxmamalı, dili oruc olub qeybət, yalan, böhtan danşmamalıdır və s. Bir sözlə, insanın bədən üzvləri, durğu orqanları da oruc olmalıdır. Əziz peyğəmbərimiz buyurur ki, oruc cəhənnəm atəşi ilə oruc tutan arasında sərhəd qoyacaq bir ibadətdir. Yəni cəhənnəmi insandan uzaqlaşdıra bilən ibadətdir. Hansı oruc? Bu dünyada Allahın haramlarından uzaq durmaqla tutulan oruc! Müsəlman orucla həm də haramdan uzaqlaşırsa, günah etmirsə, bu peyğəmbərimizin qəsd etdiyi orucdur. Hesab günü də o orucun vasitəsi ilə insan cəhənnəm əzabından uzaqlaşacaq”.
F.Pənahlının sözlərinə görə, müsəlman orucu tam mahiyyəti ilə dərk və əməl etməlidir: “Allah “Qurani-Kərim”də buyurur ki, oruc sizdən əvvəlki qövmlərə vacib edildiyi kimi sizə də vacib buyruldu. Bu vacibliyin də aparıcı tərəfi təqvadır. Oruc vasitəsi ilə insan təqvalı olmalı, özünə təqvanı təlqin etməlidir. Bunun üçün haramlardan uzaqlaşıb, vacibləri icra etmək önəmlidir. Peyğəmbər buyurur ki, təqvalı müsəlmanlar mənim qardaşlarımdır”.
İlahiyyatçı orucla bağlı hədislər barəsində də ətraflı məlumat verib: “ Hədisə görə Allah buyurur ki, oruc mənə məxsusdur və onun əcrini, mükafatını özüm verəcəyəm. Sual yaranır ki, məgər namaz, həcc Allaha məxsus deyil? Burada bir nüansa diqqət yetirməliyik. Orucun başqa ibadətlərlə bir fərqi var. Bunun görüntüsü yoxdur. Məsələn, namazın, həccin görüntüsü var. Amma iki insan yanaşı dayansa, biri “mən orucam” deməyincə, oruc olduğu bilinməz. Odur ki, oruc daha çox səmimiyyət tələb edir”.
F.Pənahlı qeyd edib ki, bəzi müsəlmanlar hər fürsətdə oruc olduğunu dilə gətirməyə, ibadəti göstərişə çevirməyə çalışır: “ Bu bir nöqsandır, müsəlman üçün qəbahətdir. İbadət ilə öyünmək, özünü digərlərindən üstün saymaq təkəbbürlükdür. Hədisdə deyilir ki, elə bilməyin şeytan insanı ancaq haramlarla azdırır. Xeyr, şeytan bəzən insanı elə ibadətlə də azdırır. Təkəbbürlük həm də insanda psixoloji bütləşmə yaradır”.