Başqasının əvəzinə oruc tutmaq olar? Kasıb oruc tutmaya bilər?
Orucun savabını azaldan və batil edən əməllər...
Oruc tuta bilməyən müsəlman qarşılığında nə etməlidir?
“Ramazan ilə bağlı peyğəmbərimiz buyurur ki, bu ay gündüzləri oruc, gecələri isə namazla bərəkətləndirin. Unutmamalıyıq ki, Ramazan oruc ibadəti ilə yanaşı həm də Quran ayıdır. Bu ayı Quran oxumaqla da bərəkətləndirmək lazımdır. Bacaranlar kitabı üzündən ərəbcə, dili bilməyənlər Quranın nurundan məhrum olmamaq üçün heç olmasa tərcüməsini oxusunlar”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Məmmədov "Yaşıl orta" verilişinin Ramazan buraxılışında deyib. O bildirib ki, Quran oxumağın da savabı var: “Peyğəmbərimizdən rəvayət olunan hədisdə buyrulur ki, Quranın hər hərfinə görə 10 savab yazılır. Ramazanda bu savab daha da artır. Savabın artması digər xeyir əməllərə də aiddir. Hər zaman səxavətli olan Allah rəsulu bu ay daha çox comərd davranardı. Ramazan xeyirin, bərəkətin, savabın bol olduğu aydır. Biz də müsəlman olaraq, belə bir fəzilətli ayda daha çox savab qazanmağa çalışmalıyıq. Allah Razamanı zaman olaraq da mübarək qılıb. Odur ki, dinimizdə bu aya xüsusi bir yanaşma var”.
R.Məmmədov istiyə görə ibadətdən yayınan müsəlmanlar üçün Allah rəsulunu misal çəkib: “ Peyğəmbərin həyatına baxdığımız zaman görürük ki, onun tutduğu bütün oruclar yay fəslində olub. Allah rəsulunun xanımlarından biri danışırdı ki, 2 ay evimizdən tüstü çıxmazdı. Yəni evdə yemək bişməzdi. Peyğəmbər və ailəsi 2 ay boyunca su və xurma ilə qidalanardı. Allah rəsulunun aclıqdan qarnına daş bağlayıb gəzdiyi dövrlər də olub. Quran ondan bizlər üçün gözəl nümunə olaraq bəhs edir. İstər peyğəmbər, istərsə də Həzrəti Əli əfəndimiz Mədinədə ən kasıb ailənin yaşadığı səviyyədə yaşayırdı. Amma nə istiyə, nə də yoxsulluğa görə ibadətdən imtina etmirdilər. Unutmamalıyıq ki, oruc ac qalmaq deyil, axirətdə Cənnət qapısının açılmasına vəsilə olacaq bir ibadətdir. Maddi durumundan asılı olmayaraq, sağlamlığı imkan verən və səfərdə olmayan hər kəs oruc tutmalıdır. Yəni üzürlü səbəb yoxdursa, müsəlman bu ibadəti yerinə yetirməlidir”.
İlahiyyatçı fidyə və qəza orucu haqqında da ətraflı məlumat verib: “Xəstəliyə iki cür yanaşma var. Şəkər kimi sağalmayan, ömürlük davam edən və müalicə ilə bir müddət sonra sağalan xəstəliklər var. Əgər müsəlman sağalmayan bir xəstəlikdən əziyyət çəkirsə, o oruc tutmaya bilər. Bunun əvəzində fidyə verməlidir. Fidyə nədir? Bir insana səhərdən axşamadək qarnını doyuracaq qədər yemək vermək. Yemək də verə bilərsiniz, yeməyin xərci qədər pul da. Bu kasıb şəxs baxmağa məsul olmadığımız bütün yaxın qohumlar da ola bilər. Məsələn, ata-ana, övlada fidyə verə bilməzsiniz. Çünki onsuz da onlara baxmağa məsulsunuz. Lakin bacı-qardaş, xala və s. kimi qohumlara fidyə düşür”.
R.Məmmədov bildirdi ki, sağalan xəstələr, yaxud da müvəqqəti məhdudiyyəti olan müsəlmanlar fidyə verə bilməzlər: “Məsələn, hamilələr, uşaq əmizdirən qadınlar, müalicə ilə sağalan xəstələr problem və məhdudiyyət aradan qalxan zaman tutmadıqları günlərin sayı qədər digər vaxtlarda qəza orucu tutmalıdırlar. Həmçinin başqasının əvəzinə oruc tutmaq da olmaz. Peyğəmbərimiz buyurur ki, bir insan digərinin yerinə oruc tuta, namaz qıla bilməz”.