Qədr gecəsi yatmaq günah sayılırmı? İftar fotolarını paylaşmaq haramdır?
Qədr gecəsini necə keçirməli? İftarı nə üçün xurma ilə açırlar?
“Biz Allahın əmrinə əsasən oruc tuturuq. Rəbbimiz “Qurani-Kərim”də buyurur ki, bu aya yetişən hər bir müsəlman oruc tutsun. Əlbəttə ki, xəstələr, səfərdə olanlar istisnadır. Yəni oruc əmrdir və bir ayı əhatə edən ibadətdir. Odur ki, müsəlman üzürlü bir səbəb yoxdursa, Ramazanın hər günü ibadət etməlidir. Oruc Allahın fərmanıdır və vacibdir”.
APA TV-nin məlumatına görə, bunu “İmam Rza” məscidinin axundu Mirhəmid Məmmədov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, Ramazanda bir neçə gün deyil, tam ay boyunca oruc tutulmalıdır: “ Bildiyiniz kimi Ramazandan öncə Şaban və Rəcəb ayları gəlir. Bu oruca hazırlaşmaq üçün gözəl fürsətdir. Müsəlmanlar öncəki 2 ay boyunca ibadətə hazırlaşmaq üçün həmin ayların müəyyən günlərində oruc tuta bilərlər. Lakin Ramazan başlayanda ayın sonunadək oruc tutmaq vacibdir. Onu da qeyd edək ki, Şaban və Rəcəb aylarında edilən ibadətin də böyük savabı var. Peyğəmbərimiz Ramazandan öncəki 2 ayı da oruc tutardı”
M.Məmmədov qeyd edib ki, oruc ibadət olduğu üçün niyyət yalnız Allah rizası olmalıdır: “Pəhriz, arıqlamaq, sağlamlıq kimi başqa niyyətlərlə oruc tutmaq olmaz. Çünki əməli ibadət edən niyyətdir. Biz Allaha xatir, Ona yaxınlaşa bilmək üçün oruc tutmalıyıq. Bu digər ibadətlərə aiddir. Əlbəttə ki, Allahın buyurduğu bütün ibadətlərin insan üçün xeyiri var. Həmçinin orucun fiziki faydaları da araşdırılıb. Peyğəmbərimiz buyurub ki, oruc tutun ki, sağlam olasınız. Amma bu o demək deyil ki, biz sağlam olmaq üçün oruc tutmalıyıq. Allah “Qurani-Kərim” də bildirir ki, bilsəniz ki, oruc tutmaq nə qədər xeyirlidir! Burada yalnız fizioloji xeyirdən söhbət getmir. Orucun insan nəfsinə, iradəsinə, səbrinə də faydası var”.
Axund əlavə edib ki, oruc tutan insanın nəfsi də Allahı zikr edir: “ Hətta onun yatması da ibadət sayılır. Orucun bu qədər çox savabı və faydası var. Bu xeyir digər ibadətlərə də aiddir. Məsələn, zəkat da Allahın əmridir. Biz bi ibadəti yerinə yetirməklə, paralel olaraq xalqa da fayda vermiş oluruq”.
M.Məmmədov iftarı xurma ilə açmaq ənənəsinə də aydınlıq gətirib: “ Peyğəmbərimizin dövründə, onun yaşadığı ərazidə ən çox istifadə olunan meyvələrdən biri xurma idi. Həmçinin xurma sağlamlıq üçün də çox faydalıdır. Amma iftarı bu meyvə ilə açmaq vacib deyil. Müsəlman istənilən qida ilə iftar aça bilər. Burada önəmli olan qidanın halal olmasıdır. Haramla iftar orucu batil etmir, amma mənəviyyata zərər verir”.
Axund sosial şəbəkələrdə etiraza səbəb olan iftar fotolarına da münasibət bildirib: “Hədislərə görə bazardan aldığımız məhsulu açıq şəkildə evə gətirməyimiz doğru deyil. Ya gərək ətrafdakılara da təklif edəsən, ya da örtülü şəkildə gətirəsən. Çünki almaq imkanı olmayan birisi görə bilər və bu onu narahat edər. Eyni səbəblə yaxşı olar ki, uşağın əlinə yemək verib bayıra çıxarmayaq. Bu baxımdan iftar fotolarının paylaşılması da bəyənilməyən əməldir”.