Hansı gün oruc tutmaq haramdır? Fitrənin məbləği necə hesablanır?

 

Qəza orucu nə zaman tutulmalıdır? Kimlər fitrə çıxmalıdır?

 

“Ramazan bütün günləri ilə fəzilətli olan bir aydır. “Qurani-Kərim”də Ramazan  1000 aydan daha xeyirli bir ay kimi vəsf olunub. Dini qaynaqlara görə, Ramazanın son on günü daha əhəmiyyətli hesab edilir. Çünki son on günün birində “Qurani-Kərim” nazil olub. Bildiyiniz kimi Qədr gecəsinin ayın son 10 gününə təsadüf etdiyi ehtimal olunur. Odur ki, müsəlmanlar peyğəmbərin hədislərinə əsaslanaraq, Ramazanın son 10 gününü xüsusi əhəmiyyətlə qeyd edirlər”.

 

APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov "Yaşıl orta"  verilişinin Ramazan buraxılışında deyib. O bildirib ki, ayın sonuna doğru dualar da daha çox qəbul olunur: “Ramazanın əvvəli mərhəmət, rəhmət, ortası məğfirət, yəni günahların bağışlanması, sonu isə müsəlmanların cəhənnəm atəşindən qorunduğu vaxtdır. Bu ayın sonuna doğru möminlərin sınağı da artır. Çünki bioloji olaraq, insanların qüvvəsi nisbətən tükənir, daha çox iradə və mübarizə tələb olunur”.

 

N.Məmmədov qeyd edib ki, Ramazanın əvvəli və ortası oruc tutmayan müsəlmanlar son günləri bu ibadəti yerinə yetirə, bu ayın fəzilətindən faydalana bilərlər: “ İslamda ibadətə gecikmə anlayışı yoxdur. Kimsə ay boyu oruc tutmayıbsa, lap Ramazanın sonuna bir gün qalmış olsa belə, bu ibadəti yerinə yetirə bilər. İstənilən vaxt, hətta ölümünüzə 1 saat qalmış olsa da, tövbə edib, ibadətə başlamaq olar. Ramazan orucu islamın vaciblərindən biridir. Hər bir müsəlman  qüvvəsi çatdığı qədər bu əmrə əməl etməyə məcburdur. Amma oruc tuta bilmirsə, buna əsaslı səbəbləri varsa, maneə aradan qalxan kimi, lap Ramazanın son günləri olsa belə oruc tutmalıdır”.

 

İlahiyyatçının sözlərinə görə, islam tək mənəviyyatla bağlı deyil, həm də toplumun maddi rifahını yaxşılaşdırmağa yönələn dindir: “ İslam ibadətlə, etiqadla yanaşı, cəmiyyətin, sosiumun bərabərliyini təmin etməyə çalışan, sosial ədalət prinsipini önə çəkən dindir. Unutmamalıyıq ki, Ramazan həm də başqaları ilə paylaşmaq, yardımlaşmaq ayıdır. Ramazanda fitrə adlı zəkat da veririk. Bu zəkat növü də məhz  sosial ədalət prinsipinə yönələn bir aksiyadır və yoxsullara verilir. Əsasən ərzaq şəklində verilən fitrə peyğəmbərin dövründən bu günədək Ramazan bayramı günü çıxılır. Bu zəkatın günortayadək ehtiyacı olan ailələrə çatdırılması buyrulur. Odur ki, günlərlə, həftələrlə fitrəni evdə saxlamaq doğru deyil. Bu zəkatın  məqsədi ondan ibarətdir ki, bayram günü yoxsullar sevinsin, onlar da bayram süfrəsi aça bilsinlər. Ona görə müsəlmanın borcudur ki, zəkatı kimə verəcəyini öncədən müəyyənləşdirsin və bayram günü yubatmadan günortayadək  həmin şəxsə çatdırsın”. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR