Hədisdən imtina etmək olarmı? Hədis inkarçılarının iddiaları: “Quran” mükəmməl kitabdır, hədislərə ehtiyac yoxdur...
Hədis ayə hökmündə ola bilərmi?
“Hədisin kəlimə etibarı ilə lüğəti və terminaloji mənaları var. Öncə onu qeyd edək ki, “hədis” ərəb sözüdür və dilimizə tərcüməsi söz söyləmək, danışmaq, söz, kəlam mənalarını verir. Terminoloji mənası isə peyğəmbərimizin həyatı və dedikləri ilə bağlıdır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov "Yaşıl orta" verilişində deyib. O bildirib ki, hədis Allah rəsulunun hərəkətləri, davranışları, feilləri, söylədikləridir: “Hədislərlə bağlı hələ Hz. Məhəmməd peyğəmbərin dövründən hədis elmi yaranıb. Bu böyük elmdir və öz metodologiyası var. Hədislərin səhihliyini təyin etmək, zəif, yalan hədisləri seçmək hədis elminin sahəsidir. Bu gün artıq səhih və yalan kəlamlar ayırd edilib. Odur ki, mövzu ilə bağlı fikir yürütmək üçün bu elmə bələd olmaq vacibdir. İnsan bilmədiyinin cahilidir. Hədisi inkar edən insanlar var. Bu elmə bələd olmamağın, hədisə doğru yanamamağın nəticəsidir”.
İlahiyyatçı “Qurani-Kərim”in mükəmməl kitab olduğunu, hədisin isə ilahi kəlamı izah etdiyini vurğulayıb: “Peyğəmbərlərə gələn ilahi qayda-qanunlar vəhy vasitəsi ilə nazil olub. Bir çox peyğəmbərlər bu vəhyi kitaba çeviriblər və ən son kitab da “Qurani-Kərim”dir. “Quran” uca Allah tərəfindən mələk Cəbrayıl vasitəsilə Həzrəti Məhəmməd peyğəmbərə ərəb dilində göndərilən, heç bir təhrifə və dəyişikliyə məruz qalmayan, öz orijinallığını qoruyaraq oxunması və əməl edilməsi baxımından ibadət sayılan, kitab halında yazılı olan, “Fatihə” surəsi ilə bağlayıb “Nas” surəsi ilə bitən son və kamil bir kəlamdır, ilahi vəhydir. Hər şeydən öncə qeyd etməliyik ki, “Qurani-Kərim” mükəmməl bir kitabdır, onda heç bir əksiklik yoxdur, hər şey orada yazılıdır. Yəni bütün məsələlərlə bağlı təməl prinsiplər “Quran”da var. Amma təfərrüatları, xırda detallar yoxdur. Bütün izahatı bir kitaba sığdırmaq mümkün deyil. “Quran”da təməl prinsiplər qeyd olunsa da, yalnız bəzi məsələlərlə bağlı geniş izahat var. Əksər mövzuların açıqlaması yoxdur. İnsan həyatının çox geniş sahəsi var. Hər sahə ilə bağlı izahat da “Quran”da qeyd olunsaydı, o zaman bu kitab bir deyil, yüzlərlə cild olardı”.
E.Mahmudov əlavə edib ki, “Quran”da buyrulan təməl prinsiplərin təfərrüatı hədislərdə bildirilir: “ Əlbəttə ki, “Qurani-Kərim” özü mükəmməl və yetərli bir kitabdır. Amma onu daha yaxşı başa düşmək və əməl etmək üçün bu kitabı izah edən və şərh verən peyğəmbərə ehtiyac var. Odur ki, hədisi inkar etmək absurddur. Hər hədisimi? Xeyir! Uydurma hədislər, yalan kəlamlar var. Onları inkar edirik. Amma bu inkarı ümumilikdə hədis sahəsinə şamil etmək doğru deyil. Məsələn, vacib ibadətlər, o cümlədən namaz, oruc, Həcc “Qurani-Kərim”də buyrulub. Amma onların ibadət şəkli və qaydaları müqəddəs kitabımızda yoxdur. Bunlar artıq hədislərdədir. Hədislərdən imtina etsək, o zaman bu ibadətlərin qaydasını haradan öyrənəcəyik? Necə Həccə, yaxud da oruca əməl edəcəyik? Orucun bütün təfərrüatı yalnız hədislərdədir. Allah elə “Qurani-Kərim”də buyurur ki, peyğəmbərdən öyrənin, ona itaət edin”.