Dini televiziya necə olmalıdır? Uşağa hicab bağlamaq doğrudurmu? Dini adlar niyə çoxalıb?

Din cəmiyyət üçün nə zaman təhlükəlidir?

 

“Azərbaycan dünyəvi dövlətdir və bu dünyəvilik pozitiv qiymətləndirilir. Yəni dünyəvi qanunlarla idarə olunsa da, dövlətin dinə olan münasibəti həmişə pozitiv mövqeyi ilə seçilib”.

 

APA TV-nin məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov  "Yaşıl orta"  verilişində deyib. O bildirib ki, Azərbaycanda bu gün də nümunəvi toletantlıq,  multikultural dəyərlər var: “ Təsadüfi deyil ki, bu il ölkə başçısının sərəncamı ilə “Multikulturalizm ili” elan edilib. Tolerantlığımız və multikultural dəyərlərimizlə  fəxr edirik. Ümumilikdə cəmiyyətimizdə dinə olan münasibət, dini durum  sabit dəyərləndirilir. Ölkə əhalisinin təxminən 96 faizini müsəlmanlar təşkil edir. Əksəriyyətin islama etiqad etməsinə baxmayaraq, digər din nümayənləri üçün də bərabər imkanlar yaradılıb. Dini mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşa  bərabər hüquqlar verilib, dini ayinlərin icrası üçün dövlət tərəfindən hər cür şərait yaradılıb”.

 

N.Məmmədov qeyd edib ki, Azərbaycanda 2000-dən çox məscid, onlarla kilsə və sinaqoq fəaliyyət göstərir: “ Həmçinin ölkəmiz üçün qeyri-ənənəvi hesab olunan dinlərin, təriqətlərin nümayəndələrinin də ibadətgahları var. DQİDK-dan ümumilikdə 32 qeyri-islami dini icma qeydiyyatdan keçib, bir neçəsinin də qeydiyyat prosesi hal-hazırda davam edir”.

 

İlahiyyatçı dinin cəmiyyətə təsirindən də danışıb: “Din istənilən cəmiyyətə təsir göstərir və bu təsir fərqlidir. Eləcə də müəyyən insanların əlində alətə çevrilib  böyük fəlakətlərə səbəb ola bilər. İslam dünyasında bunun ağır nəticələrini görürük. Azərbaycana gəlincə isə, ölkəmiz tarixən inancla yaşayan insanların cəmiyyəti olub. Keçdiyimiz əsrlər boyu islam bizim topluma müsbət təsir göstərib. Din müxtəlif adət-ənənlərimizdə, həyat tərzimizdə bu gün də qalmaqdadır. İslam cəmiyyətimizin mənəvi dəyərlərindəndir”.

 

N.Məmmədovun sözlərinə görə, Azərbaycandakı dindarlaşma prosesində müəyyən problemlər də var: “ Son illərki dindarlaşma heç də birmənalı olaraq müsbət istiqamətdə inkişaf etmir. Bizdə müəyyən qübtləşmələr də var. Əfsuslar olsun ki, dindarlaşma öz-özlüyündə məzhəb zəminində qütbləşməyə gətirib çıxarır, məzhəb təəssübkeşliyinin artması müşahidə olunur”.

 

İlahiyyatçı uşaqlara verilən adların siyahısında dini adların üstünlük təşkil etməsinə də münasibət bildirib: “ Dini adların artmasında narahatçılıq doğuracaq səbəb görmürəm. Amma ad qoyarkən milli kimliyimizi, adət-ənənələrimizi də diqqətə almalıyıq. Uşaqlara dini adların qoyulmasını daha çox dəblə və bəzi filmlərin təsiri ilə əlaqələndirərdim”.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR