Müasir fəqih içki və zinanı halal edən fətva verə bilərmi? İslamda oğlanların sünnət edilməsi vacib deyil?
İslam yenilikçi, yoxsa mühafizəkar dindir? Dini hökmlər yenilənə bilərmi?
“ İslamın yenilikçi, yoxsa mühafizəkar din olduğunu müəyyən etmək üçün dinin qaynağına müraciət etməliyik”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Samir Əzizov “Yaşıl orta” verilişində deyib. O bildirib ki, islamın yeniliklərə münasibətini öyrənmək üçün öncə “Qurani-Kərim”in 4 ayəsinə -“Əli- İmran” surəsinin 19-cu və 85-ci, “Maidə” surəsinin 3-cü və “Tövbə” surəsinin 33-cü ayələrinə nəzər salmaq lazımdır: “Uca Allah “Əli- İmran” surəsinin 19-cu ayəsində buyurur ki, yeganə haqq din islamdır: “Allah yanında (haqq olan) din əlbəttə islamdır ”. “Maidə” surəsinin 3-cü ayəsində isə belə bildirilir: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim”. “Tövbə” surəsinin 33-cü ayəsinə diqqət edək: “Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!” “Əli- İmran” surəsinin 85-ci ayəsində isə Rəbbimiz bəyan edir ki, kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! Bu 4 ayə bizə islam və yeniliklər mövzusunu müzakirə etmək üçün bir mənzərə açır. Qısaca, Allah yanında son və kamil din islamdır. Biz elə bu mənzərə ilə də mövzu ilə bağlı suallara aydınlıq gətirə bilərik”.
S.Əzizovun sözlərinə görə, islamın yeniliyə münasibətini müzakirə etməzdən öncə din və yenilik məfhumuna ayrılıqda nəzər salmalıyıq: “ Doğru bir nəticə əldə etmək üçün baxaq din və yenilik ayrılıqda nədir. Əvvəl islama diqqət edək. Dinimizin ilahi və bəşəri olmaqla 2 yönü var. İlahi yön heç bir dəyişiklyə məruz qalmır və qiyamətədək dəyişməyəcək. Bəşəri yön isə yenilənə bilər. Birinci tərəf məzmun və mahiyyət, ikinci tərəf forma və strukturdur. Zamanla forma və strukturun dəyişməsinə, yenilənməsinə ehtiyac yarana bilər. “Qurani-Kərim”də Allahın sabit halda insanlara vacib buyurduğu, qadağan etdiyi məsələlər var. Məsələn, üzünüzü Kəbəyə çevirin. Bu sabit məsələdir, onu necə dəyişdirmək olar? Açıq hökmlər qiyamətədək olduğu kimi qalacaq. Ancaq elə məsələlər, yeniliklər var ki, alimlər “Qurani-Kərim”də və hədisdə tapa bilmirlər. Bu zaman işdihata ehtiyac yaranır. Bu yolla əldə ediən hökmlər fəqihlərə görə fərqli ola bilər. Eləcə də zamanla yenilənməsi mümkündür”.
İlahiyyatçı qeyd edib ki, islamın həm mühafizəkar, həm də yenilikçi tərəfləri var: “Dində tam mühafizəkarlıq, yaxud da tam islahat mümkün deyil. Hətta din xadimlərini də mütləq şəkildə belə bir bölgüyə ayırmaq olmur. Tam islahat dinin aradan çıxmasına səbəb ola bilər. Bəzi insanlar islamın tam şəkildə mühafizəkar olduğu düşüncəsindədirlər. Bu dini məlumatsızlıqdan qaynaqlanır. Belə düşüncədə olanlar bu mövzuda yazılan dini əsərləri oxusalar, islama belə bir ümumiləşmiş tərif verməzdilər. Bəzən dinin təhrif olunduğunu söyləyənlər də var. Bilməliyik ki, din özlüyündə heç vaxt təhrif olunmayıb və olmayacaq. İslamı qiyamədətək Allah qoruyacaq. Amma insanların dinə baxışı, din təsəvvürü təhrif oluna bilər”.